31 oktyabr 2011 13:35
İlham Əliyev Ağsu şəhərində stadionunun açılışını etdi (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulmuşdu. Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündü. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılıb. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilib. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildi.
İnzibati binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılıb. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları var. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilib və “Gülbax” daşları ilə üzlənib. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilib.
