AFFA-dan AZAL-a rədd, Neftçiyə cərimə
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 1-ci turunun təxirə salınmış “Neftçi”– “Qarabağ” matçının 74-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Premyer Liqanın 11-ci turunun “Qarabağ”– “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi”– “Turan” matçında “Turan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Sumqayıt Şəhər”– AZAL matçının 58-ci dəqiqəsində AZAL-ın futbolçusu Zohair Benouahiyə simulyasiyaya görə sarı vərəqə göstərilib. Bununla bağlı AZAL klubu İntizam Komitəsinə etiraz məktubu ünvanlamış və sarı vərəqənin düzgün göstərilmədiyini bildirmişdi. Lakin matçın videoyazısını izlədikdən sonra hakimin qərarının düzgün olduğu müəyyən edilib. Bu səbəbdən də AZAL klubunun mürəciəti əsassız hesab olunub.
