1 noyabr 2011 12:50
Rəşad Sadıqov: Daha ağır zədələnə bilərdim
“Qarabağ”ın aparıcı oyunçularından biri, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun zədələndiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dünən məşqdə dirsəyindən zədə alıb.
Müayinə zamanı Sadıqovun dirsəyində sınıq müəyyənləşib. Zədələnmiş hissəyə gibs qoyulub. İlkin təxminlərə görə Rəşad ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Rəşad özü baş verənləri belə dəyərləndirib:
“Təbii ki, istənilən halda zədə almaq üzücüdü. Xüsusilə, mövsümün belə gərgin anında. Qarşıdan gələn millinin 2 oyununda ola bilməyəcəyəm. Belə baxanda yenə şükür edirəm. Daha ağır zədələnə bilərdim. İndi qolum sarğıdadı. Mümkün qədər özümü yormamalıyam. Nə etmək olar? Futbolçu həyatı zədələrdən sığortalanmayıb. Sağlamlıqla oyun oynamaq olmaz. Çalışacam ki, ən qısa zamanda sağalıb meydana dönüm. İnanıram ki, həm millidə, həm də “Qarabağ”da yoxluğum hiss olunmayacaq”.
