2 noyabr 2011 13:45
“Mən Azərbaycanda Barcelona kimi klub yaratmaq istəyirəm”
“Turan”ın prezidenti Musa Süleymanov klubun uşaq futbol məktəbinin 11 üzvünün “Xristo Stoiçkov Akademiya”sına göndərilməsi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az Tovuz klubunun rəhbərinin həmin fikirləri ilə sizi də tanış edir.
“Neftçi”, “Xəzər Lənkəran”, “İnter” kimi klublar legionerlərə çoxlu pullar xərcləyirlər. Hansı ki, həmin pullarla “Xristo Stoiçkov Akademiya”sına azı 30 uşaq göndərmək olar. Amma biz 11 futbolçumuzu göndəririk. Bütün xərclər də öz üzərimizdədi. Onlar İspaniyada yüksək səviyyədə hazırlıq keçəcəklər, peşəkar futbolçu kimi yetişəcəklər. Bundan əlavə uşaqlar həm də xarici dil öyrənmiş olacaqlar. Amma kursun sonunda onlar yenə Bakıya qayıtmalıdılar”.
Süleymanovun sözlərinə görə, həmin futbolçular hətta ünlü İspaniya klublarının maraq dairəsinə düşsə belə, satmayacaqlar: “Hətta “Barcelona” da bizim oyunçularımızla maraqlansa, satmayacağıq. Mən özüm də Azərbaycanda “Barcelona” kimi klub yaratmaq istəyirəm. Bunun üçün də bizə belə futbolçular lazımdı. Mən pulu legionerlərə xərcləməyi sevmirəm. Bizə azərbaycanlılar lazımdı”.
Mətbuat konfransında “Xristo Stoiçkov Akademiya”sının nümayəndələrindən Antonio Munyos da fikirlərini bölüşüb: “Bizim digər akademiyalardan bir çox fərqimiz var. “Barcelona” artıq sübut edib ki, hər bir uşaq dünya səviyyəli ulduz ola bilər. Biz azərbaycanlı uşaqların da dünya səviyyəsində tanınması üçün əlimizdən gələni etməyə hazırıq və buna şadıq”.
