2 noyabr 2011 18:20
Amit Quluzadə: Fərq çempionatın səviyyəsindədi
Türkiyənin "Kayseri Erciyesspor" klubunda çıxış edən Amit Quluzadə hazırlığını "Neftçi"nin düşərgəsində davam etdirir. Azerisport.az xəbər verir ki, 5 günlük istirahət müddətindən istifadə edərək Bakıya gəlmiş Amit bu gün flaqmanın məşqinə qatılıb.
Köhnə komanda yoldaşları ilə hazırlıqda iştirak edən Quluzadə onun üçün yaradılmış şəraitə görə "Neftçi"nin rəhbərliyinə minnətdar olduğunu deyib:
"Doğma komandamın düşərgəsinə qayıtdığım üçün şadam. Burada futbolçunun məşq etməsi üçün istənilən şərait yaradılıb. Başda klub prezidenti Sadıq Sadıqov olmaqla, hər kəs komanda üçün əlindən gələni edir. Həmçinin də mənim üçün. Oradakı hazırlığımla burada keçdiyim məşq arasında fərq yoxdur. Fərq çempionatın səviyyəsindədi. Təbii ki, orada sürət daha böyükdür. Əvvəlcə çətinlik çəksəm də, sonradan öyrəşdim. Hər halda, Türkiyə çempionatında çıxış etmək böyük təcrübədir. "Kayseri Erciyesspor"a keçidimə şərait yaratdığı üçün Sadıq müəllimə xüsusi təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Amit Quluzadə "Kayseri Erciyesspor"a bu ilin yay transfer pəncərəsi dövründə keçmişdi. Futbolçumuzun formasını geyindiyi komanda hazırda Bank Asya Liqasınıın lideridi.
