2 noyabr 2011 13:02
Lənkəran publikası üçün yeni kapitan
“Xəzər Lənkəran” klubunun yeni kapitanı Rahid Əmirquluyev Premyer Liqanın son turunda bu postda ilk oyununa çıxdı. Azerisport.az xəbər verir ki, 11-ci turun “Kəpəz”lə oyununa komandanı kapitan sarğısı ilə çıxaran 22 yaşlı yarımmüdafiəçi üçün bu məsuliyyət yad deyil.
Belə ki, əvvəl “Xəzər Lənkəran”ın vitse-kapitanlarından biri olan Rahid artıq 1 dəfə meydana sarğı ilə çıxıb. Bu hadisə 1 il əvvəl baş verib. Elə oktyabra təsadüf edən həmin görüş də Gəncə təmsilçisinə qarşı baş tutmuşdu. 2010/11 mövsümünün 9-cu turunun o vaxt “Gəncə” adlanan rəqiblə oyununda Əmirquliyev ilk dəfə kapitanlıq hissi yaşamışdı. Oktyabrın 17-də, yəni 376 gün əvvəl baş tutan həmin qarşılaşma zamanı Rahid tamhüquqlu kapitan deyildi.
Həmin vaxt klub tarixində 16-cı kapitan kimi düşən Əmirquliyev əsas kapitan – qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması sayəsində belə etimad qazanmışdı. Gəncədə meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitən həmin görüşdə Rahidin siftəsi korlanmışdı. Lakin bu dəfə Lənkəran publikası önünə ilk dəfə kapitan kimi çıxan yarımmüdafiəçi və yoldaşları azarkeşlərə minimal hesablı qələbə yaşatdı – 1:0
Ümumilikdə isə bu şərəfə nail olan 19 futbolçu olub. Rahidlə yanaşı daha 3 oyunçu - Füzuli Məmmədov, Junior Osvaldo və Elnur Allahverdiyev də 2 dəfə kapitan sarğısına layiq görülüb.
“Xəzər Lənkəran”ın kapitanları: Kamran Ağayev - 84, Mahmud Qurbanov – 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo, Elnur Allahverdiyev, Rahid Əmirqulıiyev – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Xaqani Məmmədov, Ruslan Poladov– hərəyə 1 dəfə.
