3 noyabr 2011 13:39
Tərlan Əhmədov: XL sindromuna bu həftə son qoyacağıq
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablayıb.
- Məşqçi korpusu komandanın bu mövsümkü çıxışından razıdı?
- Bəli, axı biz birinci dövrəni ikinci pillədə bitirdik. Liderdən fərqimiz elə də çox deyil. Nəzərə alsaq ki, qarşıda hələ çox oyunumuz var, 4 xallıq fərq o qədər də çox deyil. Əsas odu ki, sonda zirvədə olaq.
- Bəli, axı biz birinci dövrəni ikinci pillədə bitirdik. Liderdən fərqimiz elə də çox deyil. Nəzərə alsaq ki, qarşıda hələ çox oyunumuz var, 4 xallıq fərq o qədər də çox deyil. Əsas odu ki, sonda zirvədə olaq.
- Amma komanda çempion olduğu ötən mövsümün birinci dövrəsini də zirvədə bitirmişdi...
- Biz yenə liderlər qrupundayıq. Həmişə birinci olmaq mümkünsüzdü. Heç bu, o qədər vacib də deyil. Bizim qarşımıza 11 turdan sonra lider olmaq vəzifəsi qoyulmayıb.
- İki liderin qarşıdakı oyunu nəyi dəyişə bilər?
- Biz bu oyuna dediyiniz nöqteyi-nəzərdən baxmırıq. Bizi qarşıda ev oyunu gözləyir, hansı ki, mütləq qələbə qazanmalıyıq. Bizə mütləq “Xəzər Lənkəran”la aradakı fərqi azaltmaq lazımdı. Bu oyunda qazanılacaq qələbə çempionluq mübarizəsində bizim üçün əsl stimul ola bilər.
- İlk dövrədə “Xəzər Lənkəran”a minimal hesabla məğlub olmuşdunuz. O vaxtdan bəri nə dəyişib?
- Son oyunlar da göstərdi ki, biz artıq daha yaxşı oynamağa başlamışıq. Düzdü, “Turan”la oyun çətin alındı. Çünki tovuzlular müdafiədən oynayırdılar. Belə komandalara qarşı oynamaq həmişə çətindi.
- Deməli, bu dəfə avtoqol olmasa, “Neftçi” qələbə qazanacaq?
- Futbolda hər şey ola bilər. Əsas odu ki, qələbəyə inam və arzu olsun.
- Bu görüşdə heç-heçə sizi qane edir?
- Birmənalı olaraq, yox. Əgər bu oyunda da fərqi azalda bilmiriksə, onda nə vaxt azaldacağıq? Biz ki oturub rəqibin nə vaxt xal itirəcəyini gözləyə bilmərik. Hər şeyə bu oyunda aydınlıq gətirmək lazımdı.
- Vaxtilə “Xəzər Lənkəran”da da çalışmısız. Keçmiş komandanız barədə nə deyərdiz?
- “Xəzər Lənkəran” güclü komandadı. Həmin regionda futbolun inkişafında klubun öz xidmətləri var. Mirça Rednikin rəhbərliyi altında əla legionerlər çıxış edir. Bizi onlarla çətin, gərgin və maraqlı oyun gözləyir. Bu qarşıdurmanı futbolumuzun gözəlliyi sayıram.
- Dörd ilə yaxındı “Neftçi” bu rəqibini yenə bilmir...
- Dəqiq neçə il olduğunu bilmirəm. Amma çoxdan uda bilmədiyimiz faktdı. Bu sindroma həftə sonu son qoyacağıq.
