3 noyabr 2011 02:05
“XL ötən mövsüm daha güclü idi, Neftçi isə bu il yaxşı oynayır”
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək Böyük oyun ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, “Neftçi” – “Xəzər Lənkəran” görüşü ilə bağlı bunları dilə gətirib:
“Hesab edirəm ki, şanslar bərabərdi. Əlbəttə, turnir cədvəlinə baxsaq, görərik ki, “Xəzər Lənkəran”ın vəziyyəti sakit oynamağa əsas verir. Axı onların 4 xallıq fərqlə üstünlüyü var. “Neftçi” isə onlara çatmağa çalışdığından əsəbi durumdadı. Hər halda oyunun nəticəsi hər iki komanda üçün vacib əhəmiyyət daşıyır. Əminəm ki, bu oyunda psixoloji cəhətdən daha hazırlıqlı olan tərəf qalib ayrılacaq. Əgər bakılılar uduzsalar, arada yeddi xallıq fərq yaranacaq. Bu isə tam başqa məsələdi. Düzdü, bu, “Neftçi”nin çempionluq şanslarını azaltmayacaq. Amma işləri çətinləşəcək”.
Arif Əsədov bu prinsipial oyun öncəsi hansısa futbolçuları fərqləndirməyin önəmsiz olduğunu düşünür: “Bütün komandanın durumundan danışmaq lazımdı. Məsələn, “Neftçi”də təkcə Bahodir Nasimovu fərqləndirmək lazım deyil. Ona qalsa, paytaxt klubunun bütün futbolçuları fərdi cəhətdən çox güclüdülər. Onlar ötən mövsümlə müqayisədə daha yaxşı oynayırlar. O vaxt bizim üzərimizdə təzyiq var idi. Çünki klub 6 il idi çempion ola bilmirdi. Amma indi “Neftçi” sakit oynayır. “Xəzər Lənkəran” isə ötən mövsüm daha güclü idi. Oyunları baxımlı idi. Bu il isə ancaq nəticəyə üstünlük verirlər. Bu da hələlik özünü doğruldur”.
