4 noyabr 2011 00:16
Premyer Liqamızda Böyük tur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrənin ilk - 12-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, son turlardakı ənənəyə uyğun olaraq, bu turun da görüşləri 3 oyun gününə bölüşdürülüb.
Hesabat turu Gəncədə start götürəcək. Burda yerli "Kəpəz" "Bakı"nı qəbul edəcək. Komandaların hər ikisi son turda məğlubiyyətlə üzləşib. Mehman Allahverdiyevin komandası səfərdə “Xəzər Lənkəran”a minimal hesabla uduzduğu halda, “zolaqlılar” da Quzanlıda “Qarabağ”a məğlubiyyətdən qaça bilməmişdi. Bu dəfə tərəflər ardıcıl ikinci məğlubiyyətdən qaçmağa və ya onu qələbəylə unutdurmağa çalışacaq.
Üstünlük isə təbii ki, meydan sahiblərinin tərəfindədi. Əvvəla ona görə ki, bu komanda cari mövsümdə pis təsir bağışlamadığı kimi, ev oyunlarında rəqibləri üçün daha qarşısıalınmaz olur. Digər tərəfdən “Bakı” gəncəlilərlə ilk dövrədəki ev oyununda məğlub olduğundan, rəqibinə nisbətən təzyiq altında olacaq. Lakin “Kəpəz” hansısa revanş, qisas hissi ilə yaşamır və bu oyuna da arxayın çıxıb, xal və ya xallarını qazanmağa çalışacaqlar. “Bakı” isə ilk altılığa düşmək şanslarını azaltmamaq üçün bu dueldən qalib ayrılmağa borcludu.
Günün digər matçında isə "Rəvan" "Simurq"u qəbul edəcək. Hansı ki, bu görüşün də kifayət qədər maraqlı alınacağı istisna deyil. Vladislav Qədirovun gəlişindən sonra məğlubiyyət tanımayan, “Qəbələ” və AZAL-ı səfərdə məğlub edən “Rəvan” yalnız son turda “İnter”ə boyun əydi. Zaqatala təmsilçisi isə minimal hesablı məğlubiyyətlər seriyasına son turda “Qəbələ” ilə səfər matçında son qoydu. Sergey Yuranın komandası həmin görüşdə böyük sensasiyaya imza ataraq, Qəbələ təmsilçisini azarkeşlərinin gözü qarşısında məğlub etdi. İndi “Simurq” həmin uğurun davamını gətirmək haqda düşünür. “Rəvan” isə son turdakı məğlubiyyəti unutdurmağa çalışacaq. Maraq üçün onu da xatırladaq ki, ilk dövrədə bu klublar Zaqatalada 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.
İkinci oyun günündə daha çox AZAL - "Qəbələ" qarşılaşması maraq doğurur. Məsələ burasındadı ki, hər iki komanda bu mövsüm çox bərbad çıxışı ilə diqqət çəkir. “Təyyarəçilər” hətta son turda qələbə üzünə həsrət yeganə komanda olan “Sumqayıt Şəhər”in də 3 xala sevinməsinə “şərait yaratdı”. Məhz bu üzdən görüşdən sonra baş məşqçi Elxan Abdullayev istefa verdi, klubun prezidenti Vaqif Qasımov bir aylıq işindən kənarlaşdırıldı. Bütün bunların fonunda heç də yaxşı əhval-ruhiyyədə olmayan paytaxt klubunun “Qəbələ” ilə görüşdə nəyə nail olacağı maraqla gözlənilir. Amma AZAL kimi, rəqibinin də işləri yaxşı getmir. Toni Adamsın komandası son turda da “Simurq”a evdə uduzmaqla azarkeşlərini şoka saldı. Nəticədə hətta klubun rəhbər strukturunda dəyişikliklər, istefalar da oldu. Bu üzdən də sözügedən matçı uğursuzların dueli də adlandırmaq olar. İlk dövrədə baş tutan oyunun 1:1 hesabıyla başa çatdığını da vurğulayaq.
Günün son matçında isə "Qarabağ" Quzanlıda "Sumqayıt Şəhər"i qəbul edəcək. Bu görüşdə isə nəticəni qismən də olsa, proqnozlaşdırmaq mümkündü. Hər halda çox az adam Ağdam klubunun debütantla oyunda xal itirəcəyinə inanar. Hətta ilk dövrədə baş tutan görüşün qolsuz heç-heçə ilə bitməsi də, sumqayıtlıların bu görüşdə nəsə əldə edəcəyinə ümid yaratmır. Çünki Qurban Qurbanovun komandası meydana nəinki 3 xal qazanmaq üçün çıxacaq, həm də ilk dövrədəki xal itkisini unutdurmağa çalışacaq. Düzdü, Bernard Raabın komandası ölkə kuboku da daxil olmaqla, son oyununda qələbə qazanıb. Amma bu, onların “Qarabağ”la başa-baş mübarizə aparacaq gücdə olmasına əsas vermir.
Son oyun günündə artıq bir neçə turdu yüksəlişdə olan "İnter" səfərdə "Turan"ın qonağı olacaq. Son dövrlər “Neftçi”, “Xəzər Lənkəran” kimi rəqiblərini məğlub edən, “Rəvan”ın məğlubiyyətsiz seriyasına son qoyan “bankirlər”i bu matçın favoriti saymaq olar. Amma məsələ burasındadı ki, Tovuzda “Turan”la qarşılaşmaq heç də bütün rəqiblərə asan başa gəlmir. Stadionun vəziyyətinin qənaətbəxş olmaması ilə yanaşı, Əsgər Abdullayevin komandasının müdafiəyə meylli futbol oynadığını nəzərə alsaq, paytaxt klubunun işi heç də asan olmayacaq. Hansı ki, “Turan” son turda səfərdə “Neftçi”yə də yalnız son dəqiqələrdə buraxdığı qolla məğlub olmuşdu. “İnter”lə “Turan”ın ilk dövrədəki oyunda da bakılılar çox çətinliklə 1:0 hesablı qələbəyə nail olmuşdular.
Nəhayət, turun qapanış matçında "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək. “Böyük oyun” adı verilən bu qarşıdurmada tarixi rəqabət hər kəsə məlumdu. Bununla yanaşı komandaların hazırkı durumu da çox maraqlı bir qarşılaşma vəd edir. Məlum olduğu kimi, son ölkə çempionu olan “Neftçi” hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Geridə qalan mövsümdə gümüş medallara sahib çıxan “Xəzər Lənkəran”da isə işlər bu il daha yaxşı gedir. Mirça Rednikin komandası 11 turdan sonra 26 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın izləyicisi “Neftçi”dən 4 xal irəlilədi. Yəni hətta “ağ-yaşıllar” prinsipial rəqibinə məğlub olsa belə, yenə birinci pillədəki yerini qoruyacaq. Bu üzdən də cənublular bu dəfəki derbiyə daha rahat çıxıb, sakit oynamağa çalışacaqlar. Onlar üçün hətta heç-heçə də qənaətbəxş nəticə sayıla bilər.
“Neftçi”də isə vəziyyət tam fərqlidi. Heç-heçə bu komanda üçün uğurlu nəticə sayıla bilməz. Çünki aradakı xal fərqi yerində qalacaq. Məğlub olacağı halda isə, “ağ-qaralar” əsas rəqibindən yeddi xal aralanmış oacaq ki, bu da çempionluq yolunda çox ciddi çətinliklərə yol aça bilər. Ona görə də Böyükağa Hacıyevin komandası bu görüşə təzyiq altında çıxacaq. İlk dövrədə də bu komanda Lənkəranda minimal hesabla uduzduğundan, paytaxt klubunun qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu. Məhz Lənkərandakı oyundan sonra az qala hər həftə rəqib həmkarı Mirça Rednikə söz atan, ona meydan oxuyan Hacıyev indi sözü meydanda deməlidi.
Premyer Liqa
12-ci tur
4 noyabr (cümə)
Kəpəz - Bakı
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
Rəvan - Simurq
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Dalğa Arena. Saat 16:00.
5 noyabr (şənbə)
Qarabağ - Sumqayıt Şəhər
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
AZAL - Qəbələ
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. AZAL Arena. Saat 16:00
6 noyabr (bazar)
Turan - İnter
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
İnter
|
11
|
6
|
3
|
2
|
10-7
|
21
|
|
4
|
Qarabağ
|
11
|
6
|
2
|
3
|
15-10
|
20
|
|
5
|
Bakı
|
11
|
4
|
4
|
3
|
12-10
|
16
|
|
6
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
12-13
|
15
|
|
7
|
Rəvan
|
11
|
3
|
4
|
4
|
14-15
|
13
|
|
8
|
Kəpəz
|
11
|
3
|
3
|
5
|
15-17
|
12
|
|
9
|
Simurq
|
11
|
3
|
2
|
6
|
9-12
|
11
|
|
10
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
11
|
AZAL
|
11
|
2
|
4
|
5
|
12-16
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
11
|
1
|
3
|
7
|
5-15
|
6
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Bahodir Nasimov (Neftçi).
