4 noyabr 2011 15:38
Adams: Bu mövsüm hücum futbolu oynadığımız üçün müdafiəni unuduruq
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 12-ci turunun AZAL-la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL-la oyundan nə gözləyirsiz?
- Onlar baş məşqçilərini dəyişdilər. Bu üzdən də komandada hansı reaksiyanın gedəcəyini müəyyənləşdirmək çətindi. Ümumiyyətlə, bu komandada qəribə mövsüm alındı. Onlar “Neftçi”ni məğlub etmişdilər, əvəzində “Sumqayıt Şəhər”ə uduzdular. Nə gözləyirəm? Güzəştsiz mübarizə.
- AZAL güclülərə qarşı güclü, zəiflərə qarşı zəif oynayan komandalardandı?
- Deməzdim. Sadəcə, çempionatda bərabərlik artıb. Elə bir komanda yoxdu ki, digərlərindən iki baş üstün olsun.
- Baş məşqçi dəyişikliyini qeyd etdiniz. Ümumiyyətlə, bu, psixoloji cəhətdən nə dərəcədə vacibdi?
- Psixoloji durum futbolda hər an önəmlidi. Biz də qələbə qazanmalı olduğumuz oyunlarda məğlub olmuşuq. İstənilən halda AZAL əla komandadı. Çox yaxşı mərkəz müdafiəçisi (Aqil Nəbiyevi nəzərdə tutur – red.) var. Viktor İbekoyi də güclü oyunçudu.
- Bəs AZAL-ın hazırkı mövqeyi sizi təəccübləndirmir?
- Mən artıq çempionatın bərabər səviyyədə keçdiyini söylədim. Ancaq “Xəzər Lənkəran” digərlərindən müəyyən qədər seçilir. İstənilən halda mən AZAL kimi komandanın sonuncudan əvvəlki pillədə qərarlaşmasına inana bilmirəm.
- Əgər sirr deyilsə, “Simurq”a evdə uduzduğunuz oyundan sonra futbolçularınıza nə dediniz?
- Əlbəttə, biz belə nəticəyə görə məyus olduq. Biz bir sıra statistik məqamlara görə zaqatalalıları üstələyirdik, hücum futbolu oynayırdıq. Amma sonda qələbə onların tərəfində oldu.
- “Simurq”la oyunu “Qəbələ”nin qeyri-sabit çıxışının göstəricisi saymaq olar?
- Ola bilər. Ötən mövsümlə müqayisədə biz hücum futbolu oynayırıq. Müdafiəni unuduruq. Amma bu, “Simurq” kimi komandalara məğlubiyyətə haqq qazandırmır. Zaqatala klubuna hörmətlə yanaşıram. Yaxşı komanda yaradıblar. Amma biz yüksək hədəflərə nail olmağa çalışırıqsa, onlara uduzmamalıyıq.
- Artıq ikinci mövsümdü Azərbaycanda olsaz da, sanki bu mübarizəyə yenicə qoşulubsuz...
- Xeyr, bu belə deyil. Bizim autsayder adlandırdığımız komandalar göstərirlər ki, onlarla hesablaşmalıyıq. “Sumqayıt Şəhər”ə baxın. Mövsümə necə başlamışdılar, amma AZAL-a qalib gəldilər.
- Qış fasiləsi ərəfəsində sizi hansı nəticə qane edəcək?
- Biz mümkün qədər üst pillələrdə olmalıyıq. Daha bir neçə quru hesablı qələbə qazana bilsək, hər şey qaydasına düşəcək.
- Biz mümkün qədər üst pillələrdə olmalıyıq. Daha bir neçə quru hesablı qələbə qazana bilsək, hər şey qaydasına düşəcək.
