5 noyabr 2011 00:12
Jaba üçün 170 günlük həsrət Gəncədə bitdi
Jaba uzun fasilədən sonra Premyer Liqaya qayıtdı. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu ötən gün yenidən "Bakı"nın əsas komandasının formasını geyindi.
O, "Kəpəz"lə oyunda meydana çıxdı. Baş məşqçi Aleksandr Starkov "sambaçı"nı matçın 65-ci dəqiqəsində Uinston Parksın yerinə meydana buraxdı.
Bununla da Jaba 170 gündən sonra Premyer Liqada ilk oyununu keçirdi. O, sonuncu dəfə ötən mövsümün son turunda - mayın 18-də "İnter"lə baş tutan oyunda meydana çıxmışdı. Bu müddətdə "Bakı" 11 rəsmi oyuna çıxsa da, braziliyalı bu matçların iştirakçısı olmamışdı.
Qeyd edək ki, 2010-2011 mövsümü başa çatandan sonra Aleksandr Starkov Jabanı komandadan kənarlaşdırmışdı. Sonradan rəhbərlik onu kluba qaytarsa da, latviyalı mütəxəssis brazililiyalıya əsas komandada şans vermirdi. Yalnız əvəzedicilərin çempionatında 6 qol vurandan sonra Starkov Jabanı heyətə cəlb etmək məcburiyyətində qaldı.
