4 noyabr 2011 13:10
Rövnəq Abdullayev: İstərdim ki, derbi təkcə XL-la Neftçi arasında olmasın
Noyabrın 3-də Bakı Biznes Mərkəzində təşkil olunmuş Premyer Liqanın 2010-2011-ci il mövsümünün qalibi olmuş komandaların mükafatlandırma mərasimi başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbir haqda fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az həmin fikirlərlə sizi də tanış edir.
- Premyer Liqanın mükafatçılarını, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən və futbolla məşğul olan insaları təltif etdik. Bu da futbolun inkişafına, kütləviləşməsinə şərait yaradır. Bugünkü tədbirin futbolumuzun inkişafında xüsusi rolu olduğunu düşünürəm.
- Ötən mövsümlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Mövsüm maraqlı keçdi. Gözlənilməz nəticələrlə yekunlaşan oyunlar çox oldu. Futbolun da gözəlliyi bundadır. Klublarımızın inkişafında, oyun tərzində böyük irəliləyiş oldu. Cari mövsüm də maraqlı şəkildə davam edir. Oyunların nəticələrini izləyirəm. İkinci dövrənin daha maraqlı keçəcəyinə inanıram. Əsas problemimiz tamaşaçıların stadiona gəlməməsi ilə bağlıdır. Lənkəranda, Gəncədə, Sumqayıtda, Zaqatalada bu sarıdan problem yoxdur. Çünki əyalətlərdə keçirilən oyunlarda tribunalar, demək olar ki, dolur. Ancaq Bakıda keçirilən oyunlara maraq azdır. Klublar çalışmalıdır ki, azarkeşləri tribunalara cəlb etsinlər. O zaman oyunlar daha maraqlı keçəcək.
- Sizcə, ötən mövsümün ən yaxşı futbolçusu kimdir?
- Müxtəlif nominasiyalar üzrə seçimlər edilib və qaliblər mükafatlarını alıblar. Ancaq seçimlə tam razı deyiləm. Lakin bu, jurnalistlərin, mütəxəssislərin seçimidir. Onu deyə bilərəm ki, artıq futbolumuzda yalançı ulduzlar yox, peşəkar futbolçular yetişməyə başlayıb. Bu da bizi sevindirməyə bilməz.
- Milli komandanın baş məşqçisi Berti Foqtsun postunda qalıb-qalmayacağı dəqiqləşibmi? O, Almaniya mətbuatına açılamasında komandadan ayrılacağını bildirib...
- AFFA Berti Foqts haqda hələ hansısa qərar verməyib. Onunla konkret söhbətimiz olmayıb. Foqtsun millimizdə qalıb-qalmayacağı İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək. Məşqçi ilə danışdıqdan sonra bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq və qərar qəbul ediləcək.
- AÇ-2012-nin seçmə mərhələsində millimizin çıxışını necə dəyərləndirirsiniz?
- Millimiz seçmə mərhələdə pis oynamadı. Fikrimcə, normal çıxış etdik. Avropa çempionatına vəsiqə qazanmaq üçün əlimizdə böyük material olmalıdır. Futbolumuz inkişaf etməlidir. Premyer Liqada çıxış edən klubların hamısında gərək yüksək səviyyəli futbolçular oynasın. Bu sahədə işlər görülür. U-17 və U-19 yığmalarımız normal futbol oynayır. Bu, mütləq öz bəhrəsini verəcək.
- Vaqif Cavadovun AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılması barədə nə deyə bilərsiniz? Onun cəzası azaldıla bilərmi?
- Vaqif Cavadovun hərəkətini düzgün saymıram. Futbolçu ilk növbədə əsgərdir. Əsgər Vətənə qulluq etməlidir. Səbəbdən asılı olmayaraq, əgər o, xidməti yerini tərk edirsə, fəraridir. Belə demək mümkünsə, millinin formasında meydana çıxan 11 futbolçu Vətənini qoruyur. Bunu belə qəbul etmək lazımdır. Onlar öz işlərinə bu cür yanaşmalıdırlar.
- Bir çox bölgələrdə futbol komandalarının yaradılması təşəbbüsü ilə çıxış etmisiniz. Artıq Gəncədə, Sumqayıtda bu sahədə işlər görülüb. Yenə də iri rayon və şəhərlərimiz var ki, orada futbol klubları yoxdur...
- İstərdim ki, hər bir rayonda komanda yaradılsın. Çünki komandaların sayının çox olması gənc futbolçuların oynamaq imkanını artıracaq. Əvəzedicilər, eləcə də aşağıyaşlı futbolçulardan ibarət kollektivlər arasında ölkə çempionatının keçirilməsindən sonra gənc futbolçuların komandalara cəlb edilməsində xeyli irəlilyəyiş var. Bu sahədə çalışırıq. Ancaq bizim də imkanlarımız məhduddur. AFFA-nın klub yaratmağa və onu maliyyələşdirməyə ixtiyarı yoxdur. Ancaq klublarımıza hərtərəfli köməkliyimizi əsirgəmirik. Hər bir regionda bu istiqamətdə işlər görülür, yarışlar keçirilir, yeni stadionlar, meydançalar tikirlir. Bu yaxınlarda Ağsuda yeni stadionun açılışı oldu. Gözəl stadiondur. Çalışırıq ki, orada da klub yaradılsın. Digər bölgələrdə də işlər görülür. Cənab prezidentin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanıb. Layihə artıq bəyənilib və son tamamlama işləri görülür. Gələn ilin əvvəlindən Sumqayıtda 15 min azarkeş tutumlu yeni stadionunun inşasına başlanacaq. Bu da Sumqayıtda futbolun inkişafına böyük təkan verəcək. Eyni zamanda Gəncə şəhər stadionunun yenidən qurulması məqsədilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaq. Bundan başqa, Bakı şəhəri, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən 15 min azarkeş tutumlu stadionun tikintisi tez bir zamanda yekunlaşacaq və 2012-ci ildə keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına qədər hazır olmalıdır. 20-ci dairə adlanan ərazidəki stadionda yenidənqurma işlər görülür. Gələn ilin ortalarına qədər 5 min azarkeş tutumu olacaq stadion futbolçuların ixtiyarına veriləcək. Ölkə Prezidentinin nəzarəti altında infrastrukturun yaradılması sahəsində işlər görülür. Yəni stadionların sayı artdıqca futbolumuz da inkişaf edəcək. Stadion olmayan yerdə futbolçu axtarmaq düzgün deyil.
- Bazar günü Premyer Liqanın bəzəyinə çevrilən “Neftçi” – “Xəzər Lənkəran” matçı baş tutacaq. İş qrafikinizin sıx olduğunu bilirik. Bununla belə, bu matç barədə nə düşünürsünüz?
- Stadiona gəlib-gəlməyəcəyimi deyə bilmərəm. Çünki Qurban bayramı ilə əlaqədar rayonlara səfərlərimiz başlayacaq. Regionların sosial-iqtisadi inkişafı layihəsi çərçivəsində Dövlət Neft Şirkəti tərəfindən müəyyən işlər görülür. Ancaq oyunun maraqlı keçəcəyinə inanıram. İstərdim ki, derbi təkcə “Xəzər Lənkəran”la “Neftçi” arasındakı oyunlar olmasın. Qarşılaşmanın derbi şəklində keçməsinin əsas səbəbkarı azarkeşlərdir. Onlar tribunaları doldurduğuna görə, oyuna maraq bu qədər artır. Komandalarımıza uğurlar arzulayıram. Güclü qalib gəlsin.
