6 noyabr 2011 00:03
SŞ – Qarabağ üçün keçilməz sədd və ya Qəbələ hara, çempionluq hara?
Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun baş tutdu. Azerisport.az xəbər verir ki, hər iki görüşün nəticəsini çox güman ki, futbol ictimaiyyəti üçün kifayət qədər gözlənilməz saymaq olar.
İkinci oyun günündə öncədən daha çox AZAL - "Qəbələ" qarşılaşması maraq doğururdu. Məsələ burasındadı ki, hər iki komanda bu mövsüm çox bərbad çıxışı ilə diqqət çəkirdi. “Təyyarəçilər” hətta son turda qələbə üzünə həsrət yeganə komanda olan “Sumqayıt Şəhər”in də 3 xala sevinməsinə “şərait yaratmışdı”. Məhz bu üzdən görüşdən sonra baş məşqçi Elxan Abdullayev istefa vermiş, klubun prezidenti Vaqif Qasımov bir aylıq işindən kənarlaşdırılmışdı. Bütün bunların fonunda heç də yaxşı əhval-ruhiyyədə olmayan paytaxt klubunun “Qəbələ” ilə görüşdə nəyə nail olacağı maraqla gözlənilirdi.
Amma AZAL kimi, rəqibinin də işləri yaxşı getmirdi. Toni Adamsın komandası da son turda “Simurq”a evdə uduzmaqla azarkeşlərini şoka salmışdı. Nəticədə hətta klubun rəhbər strukturunda dəyişikliklər, istefalar da olmuşdu. Bu üzdən də sözügedən matçı uğursuzların dueli də adlandırmaq olardı. İlk dövrədə baş tutan oyunun 1:1 hesabıyla başa çatdığını da vurğulayaq.
Bu dəfəki görüşdə isə paytaxt klubu hər kəsi təəccübləndirməyi bacardı. Baş məşqçisiz olan “təyyarəçilər” Rafiq Mirzəyevin rəhbərliyi altında “Qəbələ”yə divan tutdular. Tales Şützün dubla imza atdığı matçda son nöqtəni Tərlan Xəlilov qoydu. Toni Adamsın komandası isə demək olar ki, elə darmadağına layiq futbolla yadda qaldı. Mövsümün əvvəlində çempionluqdan dəm vuran bu komandanın üzvlərinin sərgilədiyi oyun da nəticələr qədər xoş təsir bağışlamır. Komandanın britaniyalı çalışdırıcısı isə hələlik istefa haqda yox, heyətdə bəzi dəyişikliklər etmək barədə düşündüyünü bildirir. AZAL-a gəlincə, sanki futbolçular elə Elxan Abdullayevin istefasını gözləyirmişlər. Hər halda görünür, gənc mütəxəssisin AZAL-dan istefa verərkən, saytımıza verdiyi müsahibədə bu komandada qruplaşmaların olduğuna dair işarə etməsi səbəbsiz deyilmiş.
Günün digər matçında isə daha böyük sensasiya qeydə alındı. Hansı ki, "Qarabağ" Quzanlıda "Sumqayıt Şəhər"ə gözlənilmədən məğlub oldu. Halbuki, görüşdən öncə bu oyunun ağdamlıların xeyrinə başa çatacağına bəlkə heç Sumqayıt təmsilçisinin baş məşqçisi Bernard Raab da şübhə etmirdi.
Hətta ilk dövrədə baş tutan görüşün qolsuz heç-heçə ilə bitməsi də, sumqayıtlıların bu görüşdə nəsə əldə edəcəyinə ümid yaratmırdı. Çünki Qurban Qurbanovun komandası meydana nəinki 3 xal qazanmaq üçün çıxmışdı, həm də ilk dövrədəki xal itkisini unutdurmaq istəyirdi. Düzdü, Bernard Raabın komandası ölkə kuboku da daxil olmaqla, son iki oyununda qələbə qazanmışdı. Amma bu da onların “Qarabağ”la başa-baş mübarizə aparacaq gücdə olmasına əsas vermirdi.
Amma qarşılaşma tam fərqli mətləbləri ortaya çıxardı. Rəqibi kimi sürətli əks-hücumlara bel bağlayan Sumqayıt təmsilçisi öncə erkən qolla Quzanlını şoka saldı. Qoldan sonra “Qarabağ” çox çalışsa da, istəyinə nail ola bilmədi. Buna həm “Sumqayıt Şəhər”in tam komandayla müdafiə olunması mane olurdusa, meydan sahibləri də bacardıqlarından çox aşağı səviyyətə oyun sərgiləyirdi. Görünür məhz bunun məntiqi nəticəsi idi ki, qonaqlar daha bir qol vurmağa imkan tapdılar. “Qarabağ” isə sonuncu pillədə gedən rəqibinə yalnız təsəlli qolu vurmağı bacardı.
Beləcə, turnir cədvəlinin zirzəmisində qərarlaşan “Sumqayıt Şəhər” özündən qabaqkı komandalara bir qədər də yaxınlaşmış oldu. Qarşılaşmadan sonra isə daha çox Qurban Qurbanovun bir ifadəsi diqqət çəkdi: “Ümid edirəm ki, “Sumqayıt Şəhər” bizə qarşı nümayiş etdirdiyi oyunu Bakı komandalarıyla görüşdə də sərgiləyəcək”. O, bundan əlavə heç nə deməsə də, bu cümləsiylə Sumqayıt təmsilçisinin paytaxtın bəzi klublarına yaxın olduğuna işarə vurub.
Premyer Liqa
12-ci tur
5 noyabr
Qarabağ - Sumqayıt Şəhər - 1:2 (0:1)
Qollar: Kamil Nurəhmədov, 20 (0:1), M.Səttarlı, 72 (0:2), L.Roşa, 90+1 (1:2)
Vərəqələr: Leonardo Roşa, 68 (hakimin qərarına etiraz etdiyinə görə), Ansi Aqolli, 90+2 (rəqibə badalaq vurduğuna görə) - Emin Mustafayev, 29 (simulyasiya), Samir Abasov, 41 (rəqibi əllə tutduğuna görə) – sarı.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Qurban Məmmədov
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
5 noyabr 2011. Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 4000 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 11. Rauf Əliyev (6. Rəşad Sadiqov, 46), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov (9. Bəxtiyar Soltanov, 70), 24. Admir Teli, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (20. Nderim Nedzipi, 76), 88. Leonardo Roşa.
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k) (2. Slavik Alxasov, 86), 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 52. Bədavi Hüseynov, 47. Abdulla Abatsiyev, 8. Emin Mustafayev (21. Murad Səttarlı, 59), 19. Orxan Əliyev, 90. Eldar Məmmədov (27. Ramil Həşimzadə, 70), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 70. Şamil Camaləddinov, 95. Ruslan Nəsirli, 7. Mahmud Qurbanov.
Baş məşqçi: Bernhard Raab.
AZAL - Qəbələ - 3:0 (0:0)
Qollar: Tales Şütz, 49 (1:0), Tales Şütz, 68 (2:0), Tərlan Xəlilov, 90+1 (3:0).
Vərəqələr: Mindauqas Daunoraviçius, 88 (rəqibi əllə tutduğuna görə) - Lyuba Baranin, 5 (hakimə etiraz), Daniel Lopez Kruz, 65 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Viktor Mendi, 86 (simulyasiya) – sarı.
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Akif Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
5 noyabr 2011. Bakı. AZAL Arena. 1000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 16. Bronislav Arseniyeviç, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 2. Robert Petrov, 88. Ervin Bulku, 17. Viktor İbekoyi (6. Mindauqas Daunoraviçyus, 81), 8. Elşən Məmmədov, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 87), 20. Mansur Limani, 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 15. Georgi Boqyu, 19. Hüseyn Axundov, 14. Orxan Səfiyaroğlu.
Məşqçi: Rafiq Mirzəyev.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva (11. Serge Djiehoua, 79), 10. Deon Barton (19. Rövşən Əmiraslanov, 66), 16. Abdulkader Kamara (9. Viktor Mendi, 52), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopes Kruz, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Toni Adams.
Qeyd edək ki, turun iki görüşü ilk oyun günündə keçirilmişdi: Kəpəz – Bakı – 1:3, Rəvan – Simurq – 1:1. Qalan iki görüş isə bu gün oynanılacaq: Turan – İnter, Neftçi - Xəzər Lənkəran.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
İnter
|
11
|
6
|
3
|
2
|
10-7
|
21
|
|
4
|
Qarabağ
|
12
|
6
|
2
|
4
|
16-12
|
20
|
|
5
|
Bakı
|
12
|
5
|
4
|
3
|
15-11
|
19
|
|
6
|
Qəbələ
|
12
|
4
|
3
|
5
|
12-16
|
15
|
|
7
|
Rəvan
|
12
|
3
|
5
|
4
|
15-16
|
14
|
|
8
|
AZAL
|
12
|
3
|
4
|
5
|
15-16
|
13
|
|
9
|
Simurq
|
12
|
3
|
3
|
6
|
10-13
|
12
|
|
10
|
Kəpəz
|
12
|
3
|
3
|
6
|
16-20
|
12
|
|
11
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
12
|
2
|
3
|
7
|
7-16
|
9
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Bahodir Nasimov (Neftçi).
