5 noyabr 2011 11:28
Saşa Stamenkoviç: XL bizimlə oyunda hücum etməyəcək
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”la oyundan nə gözləyirsiz?
- Son matçlarımız göstərdi ki, biz böyük komandayıq. Xüsusilə də “Qarabağ”la oyunu qeyd edərdim. Hesabda 0:2 geriyə düşsək də, sonda qələbə qazandıq. Qarşıdakı oyunda da sübut etmək istəyirik ki, birinci yerdə qərarlaşmağa layiqik. Ümid edirəm ki, bu dəfə uğur bizim tərəfimizdə olacaq, sevinən tərəf biz olacağıq. Bilirik ki, lənkəranlılar bu oyunda hücuma getməyəcəklər.
- Sizdə bu əminlik hardandı ki, “Xəzər Lənkəran” müdafiə taktikası seçəcək?
- Onların dörd xallıq üstünlükləri var. Əlbətə, bizə onda daha asan olardı ki, lənkəranlılar da bu oyunda hücumlar etsinlər. Amma düşünürəm ki, onlar burda nəticəyə oynayacaqlar. Onları heç-heçə də qane edir. Bizə isə yalnız qələbə lazımdı. “Xəzər Lənkəran” gözəl komandadı, əla baş məşqçisi var. Amma bizim də yaxşı baş məşqçimiz var.
- Bəxt amilini də unutmaq olmaz. “Neftçi” nə etməyə çalışır ki, fortuna sizin tərəfinizdə olsun?
- Biz “Turan”a qarşı necə oynamışdıqsa, “Xəzər Lənkəran”a qarşı da elə oynamalıyıq. Həmin oyunda qol vəziyyətlərini çox xərcləsək də, sona kimi vuruşub, qələbə qazandıq. Sadəcə, xarakter göstərmək və çox qol vurmaq lazımdı.
- Bu oyun çempionluq mübarizəsi baxımından nə dərəcədə əhəmiyyət daşıyır?
- Bu haqda oyundan sonra danışmaq olar. Hər şey nəticədən asılı olacaq. Bu mübarizəni daha da maraqlı etmək lazımdı. Necə ki, bizi də “İnter”lə “Qarabağ” izləyir.
- Siz də Serbiya futbolunun, “Crvena Zvezda”nın yetirməsiz, Branimir Subaşiç də orda çıxış edib. Onunla indiyə qədər birgə və ya bir-birinizə qarşı oynamısız?
- Xeyr, mən heç vaxt Bane ilə oynamamışam. Amma onun yaxşı oyunçu olduğunu bilirəm. Biz çalışacağıq ki, həm onu, həm də komanda yoldaşlarını dayandıraq. Bununla yanaşı bizi daha bir çətin vəzifə gözləyir: lənkəranlılara qol vurmaq. Bu, ona görə çətindi ki, onların çox yaxşı qapıçısı var.
- Əgər Kamran Ağayevi deyirsizsə, o, böyük ehtimalla oyunu buraxacaq...
- Əminəm ki, onu əvəzləyən qapıçı da əlindən gələni edəcək.
