8 noyabr 2011 13:54
Tahir Gözəl: Bizim yeni futbolçu almağımıza ehtiyac yoxdu
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl azerisport.az saytının suallarını cavablandırıb.
- Klub rəhbərliyi komandanın cari mövsümkü çıxışından nə dərəcədə razıdı?
- Hər oyunda uşaqlar maksimuma nail olmağa çalışırlar. Amma bizim narazı qaldığımız oyunlar da oldu. Məsələn, “Neftçi” ilə oyun bizi çox məyus etdi. Komanda 2:0 öndə olduğu halda, sonda məğlub oldu - 2:3. Hansı ki, bu, ağıla gəlməzdi. Amma “Bakı” üzərində qələbə məni bir qədər sakitləşdirdi. Hər komandanın səhvi olur. İnanıram ki, sonda komanda birinci pilləyə qalxacaq.
- Deməli, bu mövsüm üçün hədəfləriniz dəyişməyib?
- “Qarabağ” artıq üç mövsümdü Avropa Liqasında uğurla çıxış edir. Bu mövsümün nəticələrinə görə, Çempionlar Liqasına düşmək istəyirik. Odu ki, komandanın məqsədi birdi – çempion olmaq. Komandanın potensialı da buna imkan verir. Şübhəsiz ki, mükafatçılar sırasına düşməyimiz də yaxşı nəticə sayılacaq. Amma biz “Qarabağ”ın çempion olmasını istəyirik.
- Çoxları deyir ki, “Qarabağ”ın ehtiyat qüvvəsi az olduğu üçün, bu uzun marafonu sabit oyunla yola verməyə mane olur?
- “Qarabağ” rəhbərliyi həmişə məşqçilər korpusunu dəstəkləyib. Əgər baş məşqçi Qurban Qurbanov yeni transfer istəsə, biz ona bu məsələdə yardımçı olacağıq. Bizim üçün baş məşqçinin fikri önəmlidi. Amma o, bu haqda bizə heç nə deməyib. Prinsipcə, hazırkı heyətimiz də normaldı və bu heyətlə də qarşıya qoyulan hədəfə çatmağın mümkün olduğunu düşünürəm.
- Onda qış fasiləsində transfer olmayacaq?
- Mümkündü ki, komandaya bir və ya iki yeni oyunçu qoşulsun. Amma ulduz futbolçu alınması gözlənilmir. Bizim heyət mənim xoşuma gəlir. Fikrimcə, yeni futbolçu almağa ehtiyac yoxdu.
- Komandanızın baş məşqçisinin adı Azərbaycan yığması ilə bərabər tez-tez çəkilir....
- Biz nə deyə bilərik ki? Hamımız Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Yığma ölkəni təmsil edir. Biz ona qarşı çıxa bilmərik. Amma istənilən halda Qurbanovun komandamızda qalmasını istəyirik. Bu günlərdə onunla 2014-cü ilə qədər yeni müqavilə imzaladıq. Onun işindən razıyıq. İstəyirik ki, Qurbanov uzun müddət “Qarabağ”a rəhbərlik etsin.
- “Qarabağ”ın baza və stadion tikintisi ilə bağlı planlarınızda nəsə dəyişiklik olmayıb?
- Biz Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu uzun müddətə icarəyə götürmək istəyirik. Hamı bilir ki, biz uzun müddət klub üçün yeni baza tikməyə yer axtarıq. Hazırda AFFA-dan cavab gözləyirik. Əgər federasiya Suraxanıdakı stadionu icarəyə götürməyimizə kömək etsə, dərhal tikinti işlərinə başlayacağıq. Sizi əmin edirəm ki, “Qarabağ”ın həm bazası, həm də stadionu olacaq.
