11 noyabr 2011 00:05
Arzuolunmaz rəqiblə ilə yekun
Bu gün futbol üzrə Azərbaycan yığması 2011-ci ildə son oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız səfərdə Albaniya yığmasının qonağı olacaq.
Düzdü, komandamız bundan bir neçə gün sonra Almaniyada daha bir oyuna çıxacaq. Amma FİFA-nın təqvimində rəsmi oyun günü olan 15 noyabr tarixində Almaniyanın “FC Union Berlin” komandası ilə baş tutacaq qarşılaşma rəsmi oyun kimi qeydə alınmadığından, bu, statistikalarda da əksini tapmayacaq. Odu ki, komandamızın 2011-ci ildəki son oyunu məhz bu gün keçiriləcək Albaniya ilə sınaq görüşü hesab olunur.
Qeyd edək ki, Albaniya yığması böyük uğurlara sahib olmasa da, hər halda millimizdən daha yaxşı nəticələri ilə seçilir. Belə ki, bu ölkənin seçmə komandası FİFA reytinqində 462 xalla 71-ci pillədə gedir. Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması isə son siyahıda 265 xalla 117-cidi. Hər halda səviyyə fərqi göz önündədi və bu barədə əlavə nəsə deməyə ehtiyac da yoxdu.
Sadəcə, Albaniya yığmasının əksər üzvlərinin müxtəlif aparıcı ölkə çempionatlarında çıxış etdiyini qeyd etmək yerinə düşərdi. Hansı ki, bunların arasında İtaliya, Almaniya və Rumıniya kimi qabaqcıl ölkə birincilikləri də var. Yeri gəlmişkən, Albaniya seçməsinin heyətindəki futbolçulardan bizlərə daha yaxşı tanış olanlar da var. Belə ki, “Qarabağ”ın müdafiəçiləri Ansi Aqolli və Admir Teli artıq uzun müddətdi ölkəmizdə çıxış edir. Bundan əlavə AZAL-ın yarımmüdafiəçisi Ervin Bulku da top qovduğu ölkənin yığmasına qarşı oynamaq imkanına malikdi.
Albaniya yığmasının Azərbaycan üçün tanış rəqib olduğunu da vurğulayaq. Belə ki, indiyə qədər bu iki komanda arasında artıq 4 görüş keçirilib. Tanış rəqiblərin ilk dueli 2000-ci ilin fevralında Ta`Qalidə təşkil olunan beynəlxalq turnir çərçivəsində baş tutub. Həmin oyunda Albaniya minimal hesablı qələbəyə sevinib. 2002-ci ilin mart ayında Tiranada keçirilən yoldaşlıq matçında da albanlar eyni hesabla (1:0) qələbə qazanıblar.
2005-ci ilin 17 avqustunda Tiranada keçirilən növbəti yoldaşlıq oyununda komandamız ilk dəfə bu rəqibinə qol vurmağa nail olsa da, yenə uduzub – 1:2. Ən nəhayət, 2008-ci ilin 19 noyabr tarixində Bakıda baş tutan sonuncu yoldaşlıq görüşündə millimiz ilk dəfə uduzmayıb. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Göründüyü kimi, komandamız üçün Albaniya həm də bir növ uğursuz rəqibdi. Hər halda futbolçularımız albanlar üzərində heç vaxt qələbə qazana bilməyiblər. Geridə qalan 4 görüşdən yalnız 1-də heç-heçəyə nail olub, 3-də də məğlubiyyətlə üzləşmişik. Qapımızdan 5 dəfə top çıxarmalı olduğumuz halda, cəmi iki dəfə də qol vura bilmişik.
Qeyd edək ki, qarşıdakı oyun Azərbaycan millisi üçün sadəcə ili major notlarla bitirmək baxımından əhəmiyyət daşımır. Bu görüş həm də Berti Foqtsun millimizdəki son görüşü ola bilər. AFFA ilə müqaviləsi başa çatmaq üzrə olan almaniyalı mütəxəssisin aqibətinin necə olacağı hələ qaranlıq qalır. Amma futbolçularımız bu görüşdə uğur qazanmaqla hər halda Foqtsun gələcək taleyinə az da ola təsir göstərə bilərlər.
Amma təbii ki, bu, çox çətin olacaq. Əvvəla, qarşılaşma səfərdə - Tiranadakı “Qemal Stafa” stadionunda keçiriləcək. Üstəlik, Albaniya millisi yığmamızdan daha güclüdü və onlar da doğma meydan amilindən yararlanıb, mütləq qələbə qazanmaq istəyəcəklər.
Qeyd edək ki, millimiz bu gün 2011-ci ildə 10-cu matçına çıxacaq. Bunlardan yeddisi seçmə mərhələ oyunları olub ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3, Avstriyaya 1:4, Türkiyəyə 0:1 hesabıyla uduzub, Belçika ilə oyunda heç-heçəyə (1:1) nail olub. Qazaxıstanla Bakıdakı oyunda isə qələbə qazanmışıq – 3:2. Macarıstan və Makedoniya ilə yoldaşlıq görüşlərində isə müvafiq olaraq 0:2 və 0:1 hesablı yenilgiyə üzülmüşük. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1.
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 181-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 29-da qələbə qazanmışıqsa, 44-də də heç-heçə ilə təsəlli tapmışıq.107 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 121 qol vurduğumuz halda, öz qapımızdan 328 top çıxarmışıq.
Yoldaşlıq oyunu
11 noyabr
21:00. Albaniya - Azərbaycan
Tirana. “Qemal Stafa” stadionu.
