11 noyabr 2011 14:14
“Heç bir turda tam heyətlə meydana çıxmamışıq”
“Qarabağ” “Sumqayt Şəhər”lə sonuncu oyunda gözlənilməz məğlubiyyətlə üzləşdi. Azerisport.az xəbər verir ki, hazırda 4-cü sırada qərarlaşmış Ağdam klubu ilk pillədə məskunlaşan “Xəzər Lənkəran”dan 6 xal geridə qalır.
Komandanın aparıcı oyunçularından Namiq Yusifov “Qarabağ”ın son durumu və hədəflər barəsində danışıb: “Sumqayıt Şəhər”ə məğlubiyyət heç yerinə düşmədi. Uduzmaq istənilən halda pisdi. İndi hamı sonuncu yerdə gedən komandaya uduzmağımızın səbəblərini axtarır. “Sumqayıt Şəhər”lə 2 oyunda 5 xal itirməyimizi heç kim gözləmirdi. Rəqib ağıllı müdafiə olundu. Bəlkə də hər 2 oyunda ilk qolu vursaydıq 3 və ya 4-cünü də vurardıq. Amma bəxtimiz gətirmədi. Ümumiyyətlə, cari birincilikdə elə bil bəxt bizdən yan qaçır. Sonuncu rəqiblə oyunda baş verənlər yanaşı “Qəbələ”yə son dəqiqədə penaltini vura bilmədik. “Rəvan”la görüşdə boş qapıya düşə bilmədik, əvəzində rəqib son saniyədə heç nədən qapımıza qol vurdu. Elə “Neftçi”ni 2:0 məğlub edərkən komandaya elə bil nəsə oldu. Amma biz hər zaman çətin anlarda toparlanmağı bacarmışıq. Yenə də çempionluq üçün mübarizə aparırıq. İlk pillədən 6 xal geridə qalsaq da, özümüzə inanırıq. İndiyə kimi heç bir turda tam heyətlə meydana çıxmamışıq. Ya zədəli, ya da cəzalı əskiyimiz olub. Amma yenə də qeyd edirəm ki, biz çətin günlərin komandasıyıq. Keçən il bundan da ağır vəziyyətdəydik. İnşallah, yenidən çıxışa keçib ən yaxşı oyunumuzu göstərmək istəyirik”.
