14 noyabr 2011 14:56
AFFA-dan Neftçiyə bəd xəbər
Məlum olduğu kimi, Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyununda “Neftçi”nin futbolçusu Rəşad Abdullayev rəqib futbolçu Şəhriyar Xəlilovun sifətinə zərbə endirmişdi. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi həmin addımına görə, hakimlər tərəfindən cəzalandırılmasa da, AFFA-nın İntizam Komitəsi 10.11.2011-ci il tarixli iclasında onunla bağlı 4 oyunluq diskvalifikasiya qərarı çıxarmışdı.
Lakin “Neftçi” rəhbərliyi bu cəzanın ağır olduğunu bildirərək, AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə onun yüngülləşdirilməsi ilə bağlı müraciət etmişdi. Bu gün həmin məsələyə baxılıb və aşağıdakı qərar qəbul olunub:
“Futbolçu Rəşad Abdullayev barədə AFFA-nın İntizam Komitəsi tərəfindən qəbul edilən 10.11.2011-ci il tarixli qərarın (məsələ 3) dəyişdirilməsi ilə bağlı “Neftçi”nin müraciətinə AFFA-nın Apellyasiya və Ekspert Komitəsində baxılaraq aşagıdakı qərar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin 10.11.2011-ci il tarixli qərarı (məsələ 3) dəyişdirilmədən saxlanılsın”.
