14 noyabr 2011 12:22
“Bu, hər bir klubun borcudu”
"Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- "Neftçi"nin gələcək uğurları uşaq futbolunun inkişafından asılıdı. Bu sahədə işlər necə gedir?
- Təbii ki, hər bir klubun adı çəkiləndə ilk ağıla gələn əsas komanda olur. Amma bu komandanın uşaq və gənc futbolçulardan ibarət təməli olmalıdı. Əks halda inkişafdan söhbət gedə bilməz. Bu gün bizim əsas komandamızla yanaşı, əvəzedici heyətimiz və 6 ayrı yaş qrupu üzrə çempionatlarda çıxış edən komandalarımız var. Diqqətinizi ona yönəltmək istəyirəm ki, bu 6 yaş qrupunun 5-də "Neftçi" lider mövqeyində qərarlaşıb. 11, 13, 14, 16 və 17 yaşlı futbolçulardan ibarət komandalarımız yarış cədvəlinin ilk pilləsini tutur. Bu komandaların məşqçilərinin qarşısına əsas məqsəd kimi güclü futbolçu yetişdirmək qoyulub. Çempionatı qalib başa vurmaq isə yeniyetmələrin qalib ruhda yetişməsi baxımından əhəmiyyətlidir. Əldə edilmiş nailiyyətlərin əsasında "Neftçi" rəhbərliyinin və şəxsən klub prezidenti Sadıq Sadıqovun göstərdiyi diqqət və qayğı dayanır. Sadıq müəllimin diqqəti sayəsində bütün yaş qruplarında əsas komandada olduğu kimi məsuliyyətli, intizamlı iş aparılır.
- Mövsümə bu cür başlamaq ondan xəbər verir ki, "Neftçi" bütün yaş qruplarında çempionluğu hədəfləyir...
- Hər bir yaş qrupu üzrə komanda özündən böyük yaş qrupuna futbolçu hazırlayır. Bu təbii bir prosesdi. Bu hazırlıq fonunda komandanın məşqçilərinin önünə güclü futbolçu yetişdirmək tapşırığı qoyulur. "Neftçi"nin formasını geyinən hər bir uşaq və gənc bilir ki, öz yaşıdlarından bir baş üstün oynamalıdır. Bunun üçün biz onlara hər bir şəraiti yaratmışıq. Belə diqqəti görən futbolçu da öz peşəsinə daha məsuliyyətlə və ciddi yanaşır.
- Yəqin ki, əsas komandaya aparan yol əsasən əvəzedici heyətdən keçir...
- Futbolçu əsas komandaya gələnə kimi sözun məcazi mənasında "bişməlidi". Əvəzedici komandada oynayan istənilən futbolçu bilməlidi ki, əsas komandaya real namzəddi və hər an çağırıla bilər. Bu sağlam rəqabət mühiti ona gətirib çıxarır ki, futbolçular inkişaf edir. İnkişaf olanda isə qələbələr sıralanır. Əvəzedicilərdən ibarət komandamız da çempionatın lideridir. Özü də digər klublardan fərqli olaraq bizim əvəzedici komandamızda legionerlər çıxış etmir. Öz yetişdirdiyimiz futbolçuların gücünə bunlara nail olmuşuq. Bu gün əsas komandamızda az sayda legioner futbolçular çıxış edir. Klub rəhbərliyinin müəyyənləşdirdiyi inkişaf xəttinin əsasını da bu təşkil edir ki, komandalarımızda yerli futbolçular oynasın, yerli məşqçilər çalışsın.
- Hazırda neçə futbolçu milli komandalara dəvət alıb?
- "Neftçi"nin 50-yə yaxın futbolçusu müxtəlif yaş qrupları üzrə yığma komandalara çağırılır. Millimizə futbolçu yetişdirmək hər bir klubun borcudu. "Neftçi" klubu olaraq bu işi ən yüksək səviyyədə görməyə çalışırıq.
