16 noyabr 2011 13:02
Türkiyə yığması baş məşqçisiz qaldı
Futbol üzrə Türkiyə yığması başsız qalıb. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular”ın hollandiyalı çalışdırıcısı Quus Hiddink AÇ-2012-nin Xorvatiyaya qarşı keçirilən pley-off matçlarından sonra tutduğu vəzifədən istefa verib.
Hiddink Türkiyə millisini Avropa çempionatının final mərhələsinə çıxara bilmədiyi üçün bu addımı atdığını açıqlayıb. Xorvatiya ilə dünən keçirilən cavab oyunundan sonra Hiddink vəzifəsindən ayrılacağını açıq şəkildə bildirib. Futbolçularla və Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb Hollandiyaya yola düşən Hiddinkin daha Türkiyəyə qayıtmayacağı xəbər verilir.
Qeyd edək ki, Hiddinkin postundan gedəcəyi çoxdan gündəmdə idi. Onun gedişi ilə yığmamızın baş məşqçisi Berti Foqtsun qardaş ölkə millisini çalışdırmaq variantı daha da gündəmə gəlmiş oldu.
