16 noyabr 2011 18:57
Neftçiyə daha bir dəstək veteranlardan gəldi
"Neftçi" Veteranları Klubu bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda deyilir:
“Bu gün futbolumuzda baş verən bəzi hadisələr bizi qayğılandırır. "Neftçi"nin dünəni olaraq onun bu günü haqda düşünürük. Gənclərimizin yanında olmaq, onlara məsləhətlərimizi vermək biz veteranların borcudur. Təəssüf ki, son zamanlar flaqmana qarşı təzyiqlərin ardı-arası kəsilmir. Yadımızdadır ki, Sovet dövründə "Neftçi"də oynadığımız müddətdə belə hallar baş verirdi. Amma indi müstəqil ölkədə yaşayırıq. Bu şəraitdə ölkənin ən köklü klubu nə üçün təzyiqlərə məruz qalmalıdır. "Neftçi"nin iştirakı ilə baş tutan hər oyun maraqlı gərgin idman mübarizəsi şəraitində keçir. Flaqman Azərbaycan futbolunun etalonudur. Bir çox rəqiblər "Neftçi" ilə görüşə başqa xüsusi abu-havada çıxır. Təkcə "Neftçi" - "Xəzər Lənkəran" oyununu misal göstərmək kifayətdir. Həmin görüşdə etdiyi hərəkətə görə "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzaya məruz qalıb. Biz "Neftçi" veteranları olaraq səhvini başa düşmüş Rəşadın cəzasının daha yüngül olmasını istərdik. Hər halda böyüklük etmək təkcə veteranların yox, həm də qanun keşikçilərinin borcudur. Bilin ki, bu gün gördüyünüz "Neftçi" Azərbaycan futbolunun yaşayan tarixidir. Tarix isə onu yaşadanları yaşadır”.
