17 noyabr 2011 17:18
Millimizin üzvü: Rusiya yığmasına dəvət alacağıma dair ümid həmişə var
Vaqif Cavadovun da çıxış etdiyi Rusiyanın “Volqa” klubunun cinah müdafiəçisi Şamil Qurbanov bu il öncə Azərbaycanın U-19, daha sonra isə gənclərdən ibarət yığmasına dəvət ala bildi. Azerisport.az xəbər verir ki, o, məhz bu günlərdə U-21-lə Almaniyadakı təlim-məşq toplanışından sonra Nijni Novqorod klubunun rəsmi saytına müsahibə verib.
“Düzünü desəm, mən Azərbaycanın gənclər yığmasından xüsusi dəvət gözləmirdim. Mənə zəng edib deyəndə ki, U-21-in baş məşqçisi Bernard Lippert səni yığmada görmək istəyir, iki gün düşündükdən sonra qərar verdim ki, toplanışa yollanım. Birinci növbədə bu, mənim üçün təcrübədi. Bu yaşda mənə çox lazımdı. Nəticədə də istifadə edib, Almaniyada bir həftəlik toplanışda oldum”.
Uyğunlaşma ilə bağlı heç bir problem olmadı. Artıq iki gündən sonra uşaqlarla doslaşdım, kollektivə qarışdım. Mənim çıxış etdiyim U-19-dan daha 3 futbolçu U-21-ə dəvət olunmuşdu. Bizi yaxşı qarşıladılar. Baş məşqçimiz alman dilində danışırdı, tərcüməçisi izah edirdi. Amma mən nə onu, nə də bunu başa düşürdüm. Sadəcə, digərlərinə baxıb, onların etdiklərini edirdim. Futbolda bu, adi qaydadı və təkcə mən üzləşmirəm. Azərbaycanlıların heyətində məndən başqa daha 2 türk və 3 dağıstanlı var idi. Adi təlim-məşq toplanışı idi. Amma iki yoldaşlıq görüşü də keçirdik. İlk oyunumuz ABŞ-ın gənclər yığmasına qarşı idi. Biz onlardan daha güclü idik və həmin oyunda qələbə qazanmalı idik. Bu, Azərbaycanın gənclər yığmasındakı ilk oyunum idi. Məndən soruşdular ki, daha çox hansı mövqedə oynayıram. Bildirdim ki, daha çox sol cinah müdafiəçisi mövqeyində çıxış edirəm. İkinci hissədə meydana çıxdım. Heç bir ciddi irad bildirmədilər. Deməli, hər şey yaxşı olub. Sonra isə “Köln”ə qarşı oynadıq. Öncədən əvəzedici komandayla görüşməliydik. Amma son anda onların əsas komandasıyla üz-üzə gəldik. Sadəcə, səviyyə fərqi sözünü dedi – 0:4”.
Bernard Lippertin oyun üslubundan danışarkən Qurbanov bunları söyləyib: “Hər məşqçinin öz üslubu, oyun stili var. Bu dəfə daha çox mərkəzə doğru oynamalı olurdum. Çünki rəqiblərimizin orta xətti güclüydü. Amma cinahla da irəliləyirdim”.
Şamil U-21-ə çağırılmasını özü üçün irəliyə addım hesab edir: “Şübhəsiz ki, bu, irəliyə doğru addımdı. Təcrübə topladım. İstənilən halda, gənclər yığmasının səviyyəsi U-19-dan daha yüksəkdi. Burda daha çox ölkə çempionatında komandalarının əsas heyət oyunçuları olan futbolçular çıxış edirlər. Azərbaycan yığmasıyla yoldaşlıq oyunları keçirməyin əleyhinə deyiləm. Amma rəsmi oyunlar barədə hələlik heç nə deyə bilmərəm. Rusiya yığmasından dəvət gözləyirəmmi? Ümid həmişə var. Əlbəttə, öz ölkəmin yığması üçün oynamaq istəyirəm. Amma bu, çox az inandırıcıdı”.
