17 noyabr 2011 19:37
AFFA Flavinyo ilə bağlı məsələyə rəsmi münasibətini açıqladı
“Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyonun Azərbaycan milli komandasında çıxış etmək arzusunda olması barədə AFFA rəhbərliyinə müraciəti ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini bildirib. Azerisport.az həmin açıqlama ilə sizi də tanış edir:
“Hər hansı futbolçunun milli komandaya dəvət olunması baş məşqçinin səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, Flavinyonun Azərbaycan millisində çıxış etmək üçün AFFA rəhbərliyinə etdiyi müraciətin necə nəticələnəcəyi millinin baş məşqçisindən asılıdır. Bildiyiniz kimi, bu futbolçu Braziliya vətəndaşıdı. Baş məşqçi Flavinyonun xidmətində maraqlı olduğunu bildirərsə, AFFA məsələnin hüquqi tərəfinin həlli, yəni futbolçunun millimizdə çıxış etməsi üçün zəruri olan sənədləşmələrin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlaya bilər. Onu da qeyd edim ki, legioner futbolçuların hər hansı milli komandada çıxış edə bilməsi üçün FİFA tərəfindən irəli sürülən tələblər və prosedur qaydalar mövcuddu”.
Qeyd edək ki, növbəti mövsüm üçün Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı AFFA tərəfindən hələ ki qərar qəbul olunmayıb.
