17 noyabr 2011 12:28
Fenerbahçe, Anji, CSKA, Crvena Zvezda Neftçiyə rəqib ola bilər
Şərqi Avropa futbol klublarının liderlərinin xüsusi turnir təşkil etmək ümidləri qalmaqda davam edir. Azerisport.az xəbər verir ki, bu dəfə belə bir turnir təşkil etmək ideyasını Sofiya CSKA-nın prezidenti Dimitar Borisov ortaya atıb.
Belə ki, o, bu məqsədlə Bolqarıstan, Serbiya, Türkiyə və Azərbaycandan olan klub rəhbərləri ilə görüş keçirib. Görüşlərdə həmçinin Rusiyanın "Qazprom" şirkətinin nümayəndələri də iştirak ediblər. Gözlənilir ki, yeni yaranacaq liqanın baş sponsoru məhz bu şirkət olacaq.
Turnirdə iştirak etmək şansı olanlar arasında isə Azərbaycanın “Neftçi”, Rusiyanın CSKA (Moskva), “Spartak” (Moskva), “Dinamo” (Moskva), “Anji”, “Zenit” və “Rubin”, Rumıniyanın “Steaua” və “Dinamo” (Buxarest), Bolqarıstanın CSKA (Sofiya) və “Levski”, Serbiyanın “Vojvodina”, “Partizan” və “Crvena Zvezda”, Ukraynanın “Dinamo” (Kiyev), “Şaxtyor”, Moldovanın “Dacia” və “Sherif”, eləcə də Türkiyənin “Fenerbahçe”, “Galatasaray”, “Beşiktaş” və “Bursaspor” klublarının adları göstərilir.
Klub rəhbərlərinin növbəti görüşlərinin noyabrın 25-də Belqradda və dekabrın 25-də Buxarestdə keçirilməsi nəzərdə tutulub. 3 aydan sonra isə turnirin planının UEFA-ya təqdim olunması gözlənilir. (Cissoccer).
