18 noyabr 2011 14:58
XL üçün Lənkəranda yeni rəqib
Sabah Premyer Liqanın 13-cü turu çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “Rəvan” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, Lənkəranda üz-üzə gələcək komandalardan heç biri ötən tur qələbə qazana bilməyib. “Xəzər Lənkəran” səfərdə “Neftçi”yə böyük hesabla məğlub olduğu halda, “Rəvan” evdə “Simurq”la heç-heçə edib.
Qarşıdan gələn matç “Xəzər Lənkəran” üçün mövsümdə yeddinci ev oyunu olacaq. Buna kimi keçirilən altı oyunun hamısında komanda qələbə qazanıb. Bu görüşlərdə rəqib qapısından 10 top keçirilib, 3 dəfə isə qonaq komandalar fərqlənib.
“Rəvan” da bu şənbə yeddinci səfər oyununa çıxacaq. Geridə qalan altı oyunun ikisində məğlub olan paytaxt klubu, bir dəfə heç-heçə edib. Son turlarda nəticələrini xeyli yaxşılaşdırmış “Rəvan” ardıcıl üç son səfər oyunundan qalib ayrılıb. Maraqlıdır ki, bu komanda hazırkı mövsümdə yalnız səfərdə qələbə qazanmağa nail olub.
Bu il Premyer Liqaya vəsiqə qazanmış “Rəvan” ilk dəfə məhz bu həftə “Xəzər Lənkəran”la Lənkəranda qarşılaşacaq. İlk dövrənin oyununda bu komandalar arasında “Dalğa Arena”da baş tutmuş oyun isə heç-heçə ilə yekunlaşıb. Rəqibin ilk hissədə vurduğu qola fasilədən sonra Katalin Doman cavab vermişdi – 1:1. “Rəvan”la həmin oyun bu mövsüm komandanın xal itirdiyi ilk qarşılaşma olub.
Elvin Beqiri artıq məşqlərə qoşulsa da, onun növbəti oyunda iştirak etməyəcəyi daha inandırıcı görünür. Həmçinin Kamran Ağayev və Julius Vobay hələ də zədəlilər siyahısındadırlar. Bundan əlavə Deyan Rusiçin də növbəti oyunda oynaması sual altındadı.
