18 noyabr 2011 15:22
İnter – Qarabağ duelləri rəqəmlərin gözündə
Premyer Liqanın 13-cü turunun qapanış, eyni zamanda mərkəzi oyununda “İnter” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Azerisport.az xəbər verir ki, bu komandalar Azərbaycan çempionatı çərçivəsində ilk dəfə 2004/05-ci il mövsümündə qarşılaşıblar.
Tərəflərin birinci qarşılaşması “Qarabağ”ın meydançasında keçirilib və oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb. Hər iki komanda bir-birilə 24 dəfə qarşılaşıb. Bu oyunlardan 19-u Azərbaycan çempionatının, 5 oyun isə kubok yarışlarının payına düşür.
24 oyundan 10-da “İnter” daha güclü olub, 5 qarşılaşmada qalib müəyyənləşməyib, 9 görüşdəsə “Qarabağ” qalib gəlib. Vurulmuş toplar arasında fərq 20-19 “İnter”in xeyrinədi.
“İnter” – “Qarabağ” qarşılaşmasının ən populyar hesabı 1-0-dı. Bu nəticə 24 oyundan 14-də qeydə alınıb. Qeyd edək ki, Azərbaycan çempionatında “Qarabağ”a qarşı keçirdiyi ev oyunlarında “İnter” meydanı 6 dəfə qalib kimi tərk edib, 1 dəfə sülh bağlayıb və 2 matçda qonaqlar güclü olublar. Bu qarşılaşmalarda vurulan toplar arasında fərq 9-5 “İnter”in xeyrinədi.
Xatırladaq ki, sayca 25-ci olacaq “İnter” - “Qarabağ” matçı noyabrın 20-də keçiriləcək. Qarşılaşma saat 18:00-da “Şəfa” stadionunda baş tutacaq.
