18 noyabr 2011 16:14
“Çalışacağıq ki, İnterlə oyunda bu sindroma son qoyaq”
“Qarabağ” bazar günü “İnter”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, turun mərkəzi görüşü turnir cədvəli baxımından da gərginlik vəd edir.
3-4-cü sırada qərarlaşmış komandaların duelində qazanılacaq qələbə 6 xal dəyərində olacaq. Milli fasilədən sonra komandalar turun mərkəzi görüşündə meydana çıxacaqlar.
“Qarabağ”ın kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına çətin oyunu dəyərləndirib: “İnter” bu il olduqca yaxşı təsir bağışlayır. Sadəcə, ilk turda bizə uduzublar. Düzdü, həmin oyunda zədə üzündən çıxış etməmişdim. Amma həqiqətən “bankirlər” həmin görüşdə yaxşı oynamışdılar. Rəqibimiz kollektiv futbol nümayiş etdirir. Konkret hanısısa cəhətini fərqləndirməyim düzgün olmazdı. Ən azından görüntüləri xoş təsir bağışlayır. “Qarabağ” bütün oyunlara qələbə üçün çıxır. Amma bazar gün baş tutacaq oyun çətin olacaq. Bu oyunda istənilən nəticə qeydə alına bilər. Oyunun süni meydanda keçirilməsi də “İnter”in xeyrinədi. Düzdü, meydan düz olur, amma rəqib doğma arenasında oynayacaq deyə üstünlük qazanacaq. Çalışacağıq ki, oyundan maksimum nəticə qazanaq. Hə, o, düzdü ki, milli oyunlardan sonra “Qarabağ” həmişə xal itirir. Amma bunu konkret nəyləsə əlaqələndirmək də olmur. Yorğunluqmu, yoxsa futbolçuların oyuna birlikdə hazırlaşa bilməməsinin fəsadımı deyə bilmərəm. Amma fakt faktlığında qalır. Çalışacağıq ki, “İnter”lə oyunda bu sindroma son qoyaq”.
