18 noyabr 2011 17:52
Millimizin üzvü oynadı, Volqa evdə darmadağın oldu
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Amkar”la ev oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Həmişəki kimi, Qurbanov bu matçı da əvəzedilmədən keçirib.
Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi bu dəfə də gözlənilməz yenilgiylə üzləşib. Əsas komandadan fərqli çox inamlı çıxışı ilə diqqət çəkən və turnir cədvəlinin üst pillələrində qərarlaşan “Volqa”nın əvəzediciləri bu dəfə düz 4 qola üzülüblər. Əvəzində sadəcə 1 təsəlli qoluna imza atıblar.
Qurbanov 49-cu dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisindən 1 illiyə uzaqlaşdırılan Vaqif Cavadov da forma geyir.
