19 noyabr 2011 19:50
Amit 45 dəqiqə oynadı, əzmkar qələbəyə sevindi (YENİLƏNİB)
Türkiyənin Bank Asya birinci liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Gaziantep BB” ilə qarşılaşıb. Bundan öncə keçirdiyi 10 oyunun beşində qalib gəlib, dördündə heç-heçə edib, yalnız birində uduzan Kayseri təmsilçisi son turda qeydə alınan həmin uğursuzluğu unutdurmaq istəyirdi. Yeri gəlmişkən qeyd edək ki, həmin yeganə oyunda da Amit ilk dəfə komandasına kömək edə bilməmişdi. Çünki o, yığmamızla birgə Almaniyada təlim-məşq toplanışındaydı.
Buna baxmayaraq, komandasının əsas heyət oyunçularından birinə çevrilən Amitin bu dəfə də oynaması istisna olunmurdu. Gözlənildiyi kimi, baş məşqçi Fikret Yılmaz ona ilk dəqiqələrdən şans verdi. Lakin həmyerlimiz 45-ci dəqiqədə Vilim Posinkoviçlə əvəzləndi.
Qarşılaşmaya gəlincə, Amitin meydanda olduğu ilk yarıda komandası 1 qol buraxıb. Amma Quluzadə meydandan çıxandan və onun əvəzinə daha bir hücumçu döyüşə atılandan sonra Kayseri təmsilçisi ardıcıl 3 qol vurmaqla növbəti qələbəsini rəsmiləşdirib.
Türkiyə Bank Asya birinci liqası
11-ci tur
19 noyabr
Gaziantep BB - Kayseri Erciyesspor - 1:3 (1:0)
Qollar: R.Altıntepe, 26 - V.Posinkoviç, 72, Serkan Atak, 85-pen,Cenk Cengiz, 90.
