19 noyabr 2011 16:06
Vaqif Cavadov 90 dəqiqə oynadı, Volqa uduzdu
Futbol üzrə Azərbaycan millisinin bir illiyə cəzalandırılan hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubu Premyer Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Cavadovun komandası evdə “Amkar”la qarşılaşıb.
Görüş meydan sahiblərinin erkən qoluyla başlayıb. Lakin fasilədən sonra hər şey Nijni Novqorod klubunun əleyhinə işləməyə başlayıb. Öncə oyunçusu meydandan qovulan “Volqa” 10 nəfərlə mübarizə aparmağa başlayıb. Bu, tezliklə qonaqların nəinki hesabı bərabərləşdirməsinə, hətta önə keçməsinə şərait yaradıb. Matçın sonlarında “Volqa” 9 nəfərlə qalıb. Lakin qapısına təyin olunan penalti qol olmayınca, meydandan 1:2 hesablı yenilgiylə ayrılıb.
Baş məşqçi Dmitri Çerışev Vaqifə bu görüşün ilk dəqiqələrindən oynamaq şansı verib. Lakin o, 90 dəqiqə meydanda qalsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
