21 noyabr 2011 20:14
Kapitan sıraya döndü
Futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda səfərdə “Simurq”a məğlub olan (0:1) “Sumqayıt Şəhər” “Rəvan”la oyunun hazırlığını istirahət etmədən davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir.
Belə ki, Zaqatalada oyundan əvvəl zədə alan Ramil Həşimzadə və Murad Səttarlının müalicəsi davam edir. “Simurq”la qarşılaşmada zədələnən Ruslan Tağızadə və Orxan Əliyev də bugünki məşqdə iştirak etməyib. Adları çəkilən futbolçuların sabahdan etibarən hazırlığa qatılacağı gözlənilir.
Digər futbolçular – Rəşad Kərimov, Samir Abdulov və Ruslan Qurbanovun isə zədəli olduğu üçün “Rəvan”la qarşılaşmada forma geyinməyəcəyi artıq dəqiqdi. Ötən həftə zədələnən Ruslan Nəsirli, Sahil Kərimov və kapitan Samir Abasov isə artıq məşqlərə başlayıb.
