22 noyabr 2011 13:38
Qəbələ - Neftçi matçı ilə bağlı cəza yağmuru
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Simurq”– “Sumqayıt Şəhər” matçında “Sumqayıt Şəhər”in yerləşdiyi texniki zonada oturacaqlar sındırılın. Bu səbəbdən “Sumqayıt Şəhər” klubu dəymiş zərərə uyğun olaraq “Simurq”un təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“Xəzər Lənkəran” – “Rəvan” matçının 61-ci və 75-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qəbələ” – “Neftçi” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təsir göstərməyə cəhd ediblər. Lakin klubun nümayəndələrinin və polislərin köməkliyi ilə baş verən hadisə tez bir zamanda aradan qaldırılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq “Qəbələ” klubu təhlükəsizliyi təmin etmədiyi üçün 5000 manat cərimə olunub. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq. Oyunun 41-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı və matçın 90+2-ci dəqiqəsində “Neftçi”nin azarkeşinin meydançaya daxil olduğu üçün klub 2000 manat cərimə olunub. Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.
