22 noyabr 2011 13:54
AFFA Turana texniki məğlubiyyət verdi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatla bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
AZAL – “Kəpəz” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Simurq” – “Sumqayıt Şəhər” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“İnter” – “Qarabağ” matçının 56-cı dəqiqəsində “İnter”in futbolçusu Xəyal Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Qəbələ” – “Neftçi” matçının 90-cı və 90+2-ci dəqiqələrində “Qəbələ” azarkeşləri tərəfindən meydançaya əlavə toplar atılaraq oyunun gedişində fasilələr yaranıb. Bu səbəbdən analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.
“Bakı” – “Turan” matçında “Turan” klubunun üzürlü səbəb olmadan oyunda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat cərimə olunub.
