22 noyabr 2011 14:45
Xəzər Lənkəran üçün yubileylərlə zəngin tur
Azərbaycan Premyer Liqasının 13-cü turu “Xəzər Lənkəran” üçün bir neçə yubileylə əlamətdar olub. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, öz meydanında “Rəvan”ı qəbul edən komanda tarixində 75-ci dəfə meydanı heç-heçə ilə tərk edib.
Bu heç-heçələrin 61-i ölkə çempionatında, 9-u ölkə kuboku, 4-ü avrokuboklar, 1-i isə “Birlik kuboku”nda qeydə alınıb. 2004/05 mövsümündə 9, növbəti il 10 bərabərliyi olan bu komanda çempion olduğu 2006/07 mövsümündə cəmi 5 dəfə 1 xalla razılaşmışdı. 2007/08-də 13, 2008/09-da 6, 2009/10-da 12, 2010/11-də rekord sayda 16, cari mövsümdə isə 4 dəfə heç-heçə edib.
Bu heç-heçə Mirça Rednikin Premyer Liqada 15-ci bərabərliyi oldu. Rumıniyalı Azərbaycan çempionatında 45-ci matçında bununla kifayətləndi. Elnur Allahverdiyev isə klub tarixində 45-ci oyununu keçirdi. Eder Bonfim üçün 15-ci olan qarşılaşma Şəhriyar Xəlilov üçün 10-cu qarşılaşma kimi əlamətdar oldu.
