22 noyabr 2011 16:14
Georgi Lomaya: Hər seriyanın sonu olur
“İnter”in qapıçısı Georgi Lomaya “Qarabağ”la keçirilən oyun barədə danışıb, AZAL-la baş tutacaq matç haqqında fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bilmək istərdik...
- “Qarabağ”la oynamaq həmişə çətindi. Bu, təkcə bizə yox, digər komandalara da aiddi. Düşünürəm ki, bazar günü baş tutan oyunun nəticəsi qanunauyğundu. Hər iki komandanın hesabı açmaq şansları yarandı, lakin heç-heçə hər halda ədalətli nəticə oldu.
- Son zamanlar “Qarabağ”ı “İnter” üçün ən çətin rəqib adlandırmaq olar. Artıq 5 oyundu komanda ağdamlıların qapısına yol tapa bilmir...
- Doğrusu, neçə oyundu “Qarabağ”ın qapısındna top keçirə bilmədiyimizi hesablamamışam. Lakin hər seriyanın sonu olur. Əgər əvvəlki oyunlarda qol vura bilməmişiksə, deməli, növbəti oyunda mütləq qol vurarıq.
- Amma heç-heçə “İnter”i turnir cədvəlində 2-ci yerə yüksəltdi...
- Əsas odu ki, biz irəliyə doğru addımlayırıq. Bütün komandalarla belə ruhda oynamağı davam etdirsək, o zaman əminəm ki, mövsümün sonunda bizi yaxşı nəticə gözləyəcək.
- “İnter”in çətin oyunlar seriyası davam edir və qarşıda komandanı AZAL-la matç gözləyir. Bu komandayla keçiriləcək oyun barədə nə deyə bilərsən?
- Bütün oyunlar bizim üçün çətindi. Hətta qalib gəldiyimiz oyunlarda da 3 xal böyük zəhmət hesabına əldə edilir. Autsayderlərlə oyunlarda da yüngül qələbələrimiz olmur. Bizim üçün AZAL-a və ya “Qarabağ”a qarşı oynayacağımızın fərqi yoxdu. Biz bütün rəqiblərə qarşı eyni səviyyədə köklənirik və meydana qələbə üçün çıxırıq.
- Bu mövsüm çempionat kifayət qədər qalmaqallı alınır. Demək olar ki, hər turda müxtəlif ziddiyyətli hadisələr baş verir...
- Bunu şərh etmək istəmirəm. Ona görə ki, kompetensiyama daxil deyil. Futbolçuların vəzifəsi meydana çıxmaq və oynamaqdan ibarətdir. Digər məsələlərisə başqa şəxslər həll etməlidilər.
