23 noyabr 2011 15:33
Mirça Rednik: Ona görə də oyunçulara yasaq qoymuşuq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik müsahibəsində komandada baş verən son olaylara münasibətini açıqlayıb:
- “Simurq”la oyunun hazırlıqları necə gedir? İtkilər aradan qalxırmı?
- “Simurq”la oyunun hazırlıqları necə gedir? İtkilər aradan qalxırmı?
- Sarı vərəqə limitini aşdığı üçün Adrian Pit oynamayacaq. Emeka Opara gördüyünüz kimi məşq edir. Onda da hər şey qaydasındadır. Elvin Beqiri də zədəsini artıq sağaldıb, növbəti matçda oynamaq ehtimalı böyükdür. Gördüyünüz kimi Mario Rosas da məşqdədir və hər şey qaydasına düşür. İtkilərimizi yavaş-yavaş aradan qaldırırıq.
- Belə bir məqamda azarkeşlərin komandayla birgə olacağını gözləyirdinizmi?
- Mən nəinki indi, həmişə azarkeşlərimizə inanmışam və onun üçün də buradayam. “Rəvan”la oyundan sonra mətbuat konfransında da bildirmişdim ki, belə bir çətin dönəmdə həqiqətən də komandamızın azarkeş dəstəyinə böyük ehtiyacı var. Çünki doğurdan da itkilər və sair məsələlərlə bağlı komanda çətin dönəm yaşayır. Elə bunun üçün də komanda indi azarkeş dəstəyinə daha çox ehtiyac duyur.
- Son zamanlar mətbuatda və müxtəlif səviyyələrdə, komanda və sizin əleyhinizə fikirlər səslənir. Artıq rəhbərliklə sizin, komanda ilə azarkeşlərin arasına çat salmaq cəhdləri baş qaldırıb. Müəyyən futbolçuların hansısa səbəbdən məşqlərdə və oyunlarda iştirak etməməsi fikirləri səsləndirilir.
- Hətta bəzi jurnalistlər mənim qışda yola salınacağımı da deyirlər. Mən böyük döyüşçüyəm, həyatımda belə məqamlarla qarşılaşmışam. Ona görə də azarkeşlərimiz narahat olmasınlar, mən möhkəm adamam. Mən öz komandama, futbolçularıma və azarkeşlərimizə inanıram. Təbii ki , nəticələr yaxşı olmayanda rəhbərlik narazı qala bilər. Bu normal haldır.Amma, biz öz inamlı çıxışımızla hər şeyi arxada qoya biləcəyik. Qaldı ki, sualın sonuncu hissəsinə gördüyünüz kimi hamı məşqdədir. Biz işə professionalca yanaşırıq. Mən də professionalam, futbolçularım da professionaldır. Bu yayılan dezinformasiyalar komandanı zəiflətmək üçündür. Gördüyünüz kimi Kamran da zədəsini sağaltmaq üzrədir və ümumi komanda ilə birlikdə məşq edir. Pits də burdadır, Rosas da burdadır. Hər kəs gəlib görə bilər. Əlbəttə mən nəticəyə görə məsuliyyət daşıyıram və bunu futbolçularıma da çatdırmalıyam. Mən bu klubun azarkeşlərini çox sevirəm və ona görə də var gücümü sərf edirəm ki, onlar nəticələrə görə məyusluğa uğramasınlar.
- Bəziləri komandanın “qara zolaq”da olduğunu düşünür...
- Yenə deyirəm, bu, komandada ab-havanı pozmaq üçündü, müəyyən qüvvələrin taktikasıdır. Ona görə də futbolçularıma mətbuatla əlaqə qurmağa yasaq qoymuşuq. Məhz bu səbəbdən yalnız mən müsahibə verirəm. Bunlar da komanda da ab-havanı qorumaq üçün nəzərdə tutulub. Təbii ki, məlum məğlubiyyətdən sonra və bu səbəbdən futbolçuların cərimələnməsini də nəzərə alsaq oyunçularda ruh düşkünlüyü var idi. Bu da təbii qarşılanmalıdır. Belə məğlubiyyətdən sonra adama çox sağol deməzlər. Futbolçularıma anlatmağa çalışdım ki, məsuliyyəti mən daşıyıram, bu vəziyyətə özümüz düşmüşük və özümüz də bu vəziyyətdən çıxmalıyıq. Real yanaşdıqda heyətimiz güclü futbolçular cəhətdən o qədər də geniş deyil. Dörd futbolçumuz var ki, ümumiyyətlə yüksək liqa oyunlarında iştirak etməyiblər və təcrübə cəhətdən əziyyət çəkirlər. Şəhriyar istedadlı futbolçudur. Amma bəzən məcburən onu sol cinahda oynadıram. Alim isə təcrübəli futbolçudur. Çalışırıq ki, “Simurq”la oyuna bir heyət quraq. Çunki bu mövsüm elə düşünürəm ki, “Simurq”la oyun ən vacib bir oyundur. Əgər bu oyundan qalib ayrılsaq, ili böyük ehtimalla birinci yerdə başa vura biləcəyik. Bu il başqa komandalarla da oyunumuz var. Lakin bu dəqiqə ancaq “Simurq”la oyunu düşünürük. Qışda da komandaya yeni futbolçuların dəvət olunması nəzərdə tutulub. Bunun hesabına böyük rəqabət olacaq. Kim gələcək kim gəlməyəcək bu haqda danımaq istəmirəm. Hətta bəzi oyunçularla danışıqlara da başlamışıq.
- Bu mənada klub rəhbərliyinin dəstəyini hiss edirsinizmi?
- Təbii ki, bu mənada dəstəyə hazır olduqlarını bildiriblər. Əgər belə olmayacaqsa, mənim qalıb işləməyimin nə mənası var. Əlbəttə klub rəhbərliyi də nəticə istəyir və bu da onların marağındadır. Mən komandama inanıram. Doğurdan da məşqçilər korpusumuzda təcrübəli mütəxəssislər cəmləşib. Onların köməkliyi ilə inanıram ki, vəziyyətdən tez bir zamanda çıxacaq və uğurlu yolumuza davam edəcəyik. Yaranan söz-söhbətlərə fikir vermək lazım deyil. Bunlar xırda şeylərdir, kiçik insanların yaratdığı xırda məsələlərdir. Böyük komandaya belə məsələlər təsir edə bilməz. “Xəzər Lənkəran” böyük klubdur. Mənə yönələn bu təzyiqləri eşitməməyə çalışıram. Bəziləri “Xəzər Lənkəran”ın güclü çıxışını və uğur qazanmasını istəmir. Biz belə şeylərə fikir verməməyə çalışırıq və yolumuza davam edirik. (Bosman)
