23 noyabr 2011 17:20
“Oyunlarımızı əcnəbi hakimlər idarə etsin”
Xəbər verdiyimiz kimi, "Neftçi"nin məşqçilər korpusunun üzvləri klubun rəsmi saytına açıqlama veriblər. Azerisport.az xəbər verir ki, baş məşqçinin köməkçiləri - Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev "Neftçi"nin oyunlarına xaricdən hakim dəvət olunması istədiklərini bildiriblər:
Tərlan Əhmədov: "Əslində, istərdim ki, "Neftçi"nin oyunlarını öz hakimlərimiz idarə etsin. Çünki güclü, təcrübəli hakimlərimiz də var. "Neftçi"nin əleyhinə və ya lehinə verilən səhv qərarların qərəzli olmadığına inanıram. Hakim də insandır, səhv edə bilər. Lakin belə səhvlər çox olacaqsa, onda yaxşı olar ki, xaricdən hakim gətirilsin. Belə olan halda "Neftçi" ətrafında gəzən söz-söhbətlərə də son qoyular və komandamızın öz gücünə oynadığı, hakimlərə ehtiyacı olmadığı bir daha sübut olunar. Bir sözlə, istəyimiz odur ki, "Neftçi"nin qarşıdakı oyunlarına əcnəbi hakimlər təyin olunsun".
Bəxtiyar Musayev: "Mövsümün əvvəlində komandamız bir neçə oyunda hakim səhvləri ucbatından vacib xallar itirdi. İndi isə əksi iddia edilir. Guya "Neftçi" hakimlərin köməyi ilə qələbə qazanır. Bizim üçün hakimin kimliyi önəmli deyil. Əgər yerli referilər təcrübəsizdirlərsə, onda əcnəbi hakimlər dəvət olunsun. Biz çıxıb oyunumuzu göstərəcəyik. Fitin dili, milləti yoxdur, fit bütün dünyada bir dildə çalınır: ədalət dilində. Biz də yalnız bu dili anlayırıq".
Kamal Quliyev: "Mən futbolçu karyeramın ən gözəl günlərini "Neftçi"də keçirmişəm. Hazırda isə məşqçi kimi doğma komandamda fəaliyyət göstərirəm. İndi klub rəhbərliyinin futbolçulara yaratdığı şəraiti görüb, təəssüflənirəm ki, mən oynadığım dönəmdə belə deyildi. "Neftçi"də hazırda əla ab-hava var. Kollektiv heyətinə görə Azərbaycanda ən güclülərdəndir. Buna görə də bizim heç kimin köməyinə ehtiyacımız yoxdur. Son günlər "Neftçi" ətrafında yayılan fikirlər boş söz-söhbətlərdən başqa bir şey deyil. Guya hakimlər bizə kömək edir. Bəs hakim səhvi səbəbindən itirdiyimiz xalları kimin ayağına yazaq?! Hakimlər də insandır, səhv edə bilər. Əgər belədirsə, qoy oyunlarımızı əcnəbi hakimlər idarə etsin".
