24 noyabr 2011 19:33
Kamran Ağayev Simurq ilə görüşdə forma geyə biləcək
Sabah Premyer Liqanın 14-cü turu start götürür. Azerisport.az xəbər verir ki, son oyunlarda xal itirməsinə rəğmən çempionatın lideri olan “Xəzər Lənkəran” bu tur çərçivəsində Zaqatalada “Simurq”un qonağı olacaq.
Bu qarşılaşma “Xəzər Lənkəran”ın cari mövsümdə 7-ci səfəri olacaq. Həmçinin bu oyun komandanın bu çempionatda Bakıdan kənarda oynayacağı ilk matçdı. Geridə qalan altı səfər görüşün ikisində qalib gələn Mirça Rednikin yetirmələri, daha iki dəfə heç-heçə edib və bir o qədər də məğlub olub. “Xəzər Lənkəran” bu mövsüm rəqib meydanında 7 dəfə fərqlənib və 9 dəfə qapısında top görüb.
Öz növbəsində “Simurq” üçün bu komandaya qarşı keçiriləcək oyun mövsümün yeddinci ev oyunu olacaq. Bu tura kimi “Simurq” Zaqatalada iki oyunda qalib gəlib, bir dəfə heç-heçə edib, üç görüşdən isə xalsız ayrılıb. Komandanın ev oyunlarında qol statistikası “Xəzər Lənkəran”ın səfərdə qol statistikasını əks etdirir – 7 vurulan və 9 buraxılmış qol.
“Xəzər Lənkəran” son altı çempionat oyununda iki dəfə məğlubiyyətə uğrayıb, iki dəfə heç-heçə edib və iki dəfə qalib gəlib. “Simurq” isə son altı turda üç dəfə məğlub olub, iki dəfə qalib gəlib və bir dəfə heç-heçə oynayıb.
Qarşıdakı oyun “Xəzər Lənkəran”ın “Simurqa” qarşı altıncı səfər oyunudu. Əvvəlki beş oyunun üçündə XL qələbə qazanıb, iki dəfə isə bu səfərdən bir xalla qayıdıb. Bu oyunlarda XL ümumilikdə səkkiz qol vurulub, dörd qol buraxıb.
“Xəzər Lənkəran”ın bu şəhərdəki son oyunu ötən çempionatın ikinci turunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolları Dieqo Ruiz və Elnur Allahverdiyev rəqib qapısından keçirmişdilər.
Kamran Ağayev və Elvin Beqiri artıq zədələrini demək olar ki, sağaldıb və onların artıq növbəti oyunda iştirakı da mümkündü. İki tur öncə zədə almış Julius Vobay və Deyan Rusiç isə hələ də bərpa olunmayıblar. Son turda aldığı xəbərdarlıqdan sonra sarı vərəqə limitini dolduran Adrian Pit də bu görüşü buraxmaq məcburiyyətindədi.
