25 noyabr 2011 17:27
“Bu, vəziyyətdən ən yaxşı çıxış yoludu”
DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko təqvimlə bağlı fikirlərini bildirib. Azerisport.az onun fikirlərini diqqətinizə çatdırır:
“Hadisələri taleyin ümidinə buraxmaqdansa, danışıqlar nəticəsində ortaq məxrəcə gəlmək daha məqbul variantdır. Hamımız kompromisə gedərək, belə demək mümkünsə, bütün tərəfləri qane edən təqvimin hazırlanmasına nail olduq. Bu, vəziyyətdən ən yaxşı çıxış yoludur. Çünki meydançadan başqa hər yerdə danışığa gedərək razılaşmaq lazımdı.
Qrupdakı oyunların necə nəticələnəcəyi barədə indidən mülahizə yürütmək istəmirəm; son zamanlar komandalar arasında səviyyə baxımından ciddi fərq hiss olunmur.
Rusiya çempionatında çıxış edən legionerlərlə bağlı suala gəlincə, bu məsələ dekabrın 5-də Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Hansı qərarın çıxarılacağı barədə indidən fikir bildirmək mümkün deyil. Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək”. (AFFA)
