25 noyabr 2011 13:04
Qarabağ Ağdamda Neftçiyə xal vermir
Sabah Premyer Liqanın 14-cü turunda Azərbaycan derbisi baş tutacaq. Azerisport.az xəbər verir ki, bu günə qədər “Qarabağ”la “Neftçi” tarixlərində 55 oyuna çıxıblar.
Ağdamdakı qarşılaşma bütün çempionatların iştirakçısı olan komandaların 44-cü derbisi olacaq. Tərəflər 6-cı dəfə Ağdamda qarşılşacaqlar. Bu komandalar ilk dəfə 1992-ci ildə baş tutan birinci çempionatda qarşılaşıblar. Sentyabrın 26-da Respublika stadionunda baş tutan, 2000 azarkeşin izlədiyi və Rüstəm Rəhimovun idarə etdiyi qarşılaşmada “Qarabağ”dan Zaur Qarayev hesabı açmaqla derbidə ilk qolu vuran futbolçu kimi tarixə düşüb. Ev sahibləri Beydiyevlə hesabı bərabərləşdirərək hərəyə 1 xala razılaşıblar. Oktyabrın 20-də isə tərəflər Ağdamda ilk mücadilələrinə çıxıblar. Bu dəfə də Rüstəm Rəhimovun fit çaldığı oyunda 1000 tamaşaçı “Qarabağ”ın əzəli rəqibi üzərindəki ilk qələbəsini görüb. Beydiyev bu dəfə də fərqlənsə də Elşad Əhmədov və Mahir Əliyevin qolları meydan sahiblərinə qələbə gətirib.
1993-ildəki II çempionatda tərəflər yarışın formatı ilə əlaqədar üz-üzə gəlməyilər. Əvəzində kubokun 1/4 finalında qarşılaşıblar. 28 apreldə, Rüstəm Aslanovun idarə etdiyi qarşılaşma bu dəfə də ağdamlıların 2:1 hesablı qələbəsiylə nəticələnib. 3 ay sonra işğal olunacaq Ağdamdakı qarşılaşmanı 5000 azarkeş izləyib. “Qarabağ”dan Mehman Alışanovla Müşfiq Hüseynov, qonaqlardan isə Samir Ələkbərov fərqlənib.
Qeyd etdiyimiz kimi, bu qarşılaşmadan təxminən 3 ay sonra - iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olundu. Belə də tərəflərin Qarabağın füsunkar guşəsində çempionat oyunlarını keçirməsi mümkün olmadı. Bir də 16 il sonra Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda növbəti Azərbaycan derbisi baş tutdu. 2009-cu ilin oktyabrın 18-də çempionatın təsnifat mərhələsində tərəflər qarşı-qarşıya gəldi. Azad Mütəllimovun idarə etdiyi oyunda cəmi 1 qol oldu. Vaqif Cavadovun 40-cı dəqiqədə vurduğu qol 16 illik dönüşün qələbəylə qeyd olunmasına səbəb oldu.
Rəqiblər Ağdamda həmin çempionatın final mərhələsində də qarşılaşdılar. 2010-cu ilin aprelin 10-da Adamiya və Rauf Əliyevin qolları komandamıza 2:0-lıq qələbə qazandırdı.
Və nəhayət ötən mövsüm. 2011-ci ilin mayın 13-də tərəflər Ağdamda 5-ci dəfə qarşılaşdılar. Elçin Məmmədovun idarə etdiyi oyunda Adamiyanın het-trikiylə gələn 3:0-lıq qələbə “Neftçi”yə tarixinin 2-ci böyük hesablı məğlubiyyətini yaşatdı.
Beləliklə, 19 illik qarşıdurma tarixində tərəflər Ağdamda 5 dəfə qarşılaşıblar. Və bütün 5 qarşılaşmadan “Qarabağ” qələbə ilə ayrılıb.
“Qarabağ”ın mətbuat xidməti
