28 noyabr 2011 17:15
Ansi Aqolli 52-də dayandı
Premyer Liqanın 14-cü turunda “Qarabağ” “Neftçi”ylə oyuna 2 önəmli itkiyə çıxmışdı. Azerisport.az xəbər verir ki, Rəşad Sadıqov qolundakı zədə səbəbindən komandadan ayrı düşmüşdüsə, Ansi Aqolli atasının vəfatıyla əlaqədar olaraq “ağ-qaralar”la oyunda iştirak edə bilmədi.
Sabitliyi ilə məşhur olan Ansi sonuncu görüşü buraxmaqla seriyasının qırılmasına səbəb oldu. Belə ki, 29 yaşlı sol cinah müdafiəçisi “Qarabağ”ın heyətində ardıcıl 51 oyuna çıxdıqdan sonra məlum səbəbdən “Neftçi”ylə oyunu buraxmalı oldu. Azərbaycanda oynamış ən səviyyəli cinah müdafiəçilərindən sayılan Aqolli 2010-cu ilin yayından bu komandada top qovur. İyulun 1-də Avroliqanın 1-ci mərhələsində “Metallurg”la oyunda debüt edən albaniyalı zədə üzündən cavab görüşünü və “Portadaun”la ilk oyunu buraxmışdı.
Ötən mövsüm Premyer Liqanın 2-ci turunda MOİK-lə oyunu buraxdıqdan sonra Ansinin seriyası başlayıb. Həmin oyundan sonra ötən mövsüm Avrokubok, çempionat və kubok oyununda baş tutmuş bütün 32 görüşdə iştirak edən Ansi cari mövsüm də seriyasını davam etdirib. 6 Avrokubok və 13 çempionat maçına start heyətində çıxan Aqolli seriasını 51 oyuna çatdırıb. Maraqlıdı ki, Ansi bütün bu oyunlarda start heyətində meydana çıxıb və cəmi bir oyunda əvəzlənib. Cari mövsüm “Rəvan”la 8-ci turda baş tutan oyunda 70-ci dəqiqədə zədələnərək yerini İlqar Qurbanova verməli olub. Ötən mövsüm sadəcə 2 oyunda sarı vərəqə alan (“Xəzər-Lənkəran” - 2:1 və “Gəncə” - 1:0) müdafiəçi 6 ötürməylə yadda qalmışdı. Cari mövsüm də seriyasını davam etdirən Ansi avrokubok (“Banga” - 3:0) və çempionatda (“Turan” - 3:1) 1 dəfə fərqlənib. Eyni sayda sarı vərəqə alan Ansi artıq 2 asistlə komandasına xeyir verib.
Beləliklə, Ansinin 51 oyunluq seriyasında 4 sarı vərəqə, 2 qol və 8 ötürmə qeydə alındı.
“Qarabağ”ın mətbuat xidməti
