29 noyabr 2011 16:09
“Neftçi hər zaman haqqın, ədalətin carçısı və tərəfdarı olub”
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis “flaqman”ın Azərbaycan kubokunun 1/8 final mərhələsində qarşılaşacağı "Simurq"la oyun öncəsi fikirlərini bildirib.
"Bizi Zaqatalada çətin sınaq gözləyir. Bu, kubok oyunudur. Bu mərhələdə komandaların bir dəfə qarşılaşdıqlarını nəzərə alsaq, "Simurq"la oyunun maraqlı və gərgin keçəcəyini təxmin etmək olar. Mətbuatda rəqib komandanın baş məşqçisinin hakimliklə bağlı açıqlamalarlı ilə tanış oldum. Bir neçə gün əvvəl "Neftçi" klubu bu haqda bəyanat yaymışdı, mən də öz fikirlərimi bildirmişdim. Yenə deyirəm, "Neftçi"nin oyununa kim təyinat alırsa-alsın, əsas odur ədalətli idarəçilik olsun. Biz "Neftçi" futbol klubu olaraq hər zaman ədalətli hakimliyin tərəfdarı olmuşuq. Hamı yaxşı bilir ki, son vaxtlar "Neftçi" ətrafında yaradılan bütün söz-söhbətlər şər-böhtandan, qərəzdən başqa bir şey deyil. Bu gün "Neftçi" çox güclü heyətə malikdir və ona görə də komandamızın kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur. "Simurq" klubunun baş məşqçisinin hakimliklə bağlı fikirlərinə hörmətlə yanaşıram və bir daha bəyan edirəm ki, "Neftçi" hər zaman haqqın, ədalətin carçısı və tərəfdarı olub. İnanıram ki, kimliyindən asılı olmayaraq "Simurq" - "Neftçi" oyununun hakimləri ədalətli görüş idarə edəcəklər. Qoy sonda güclü qalib gəlsin" - deyə Hacıyev vurğulayıb.
