30 noyabr 2011 00:03
Yarısı formal, yarısı prinsipial
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət olacaq bu mərhələdəki mübarizə zamanı 8 ən güclü klub yoluna davam etmək hüququna yiyələnəcək.
Qeyd edək ki, bu mərhələdəki oyunlar arasında bəziləri daha maraqla gözlənilir. Məsələn, hər ikisi Premyer Liqada mübarizə aparan “Simurq”la “Neftçi”nin görüşü. Bu qarşılaşmanın Zaqatalada oynanılması görüşə marağı daha da artırır. Maraq üçün bildirək ki, bu kollektivlər cari mövsümdə artıq bir dəfə üz-üzə gəliblər. Həmin oyunda son ölkə çempionu çətinliklə də olsa, səfərdə qələbə qazanmışdı – 2:1. Lakin Zaqatala təmsilçisi bu dəfə həmin yenilginin qisasını almağa hazırlaşır. Görüşün yenə Zaqatalada keçirilməsini meydan sahibləri üçün əlavə üstünlük saymaq olar.
“Bakı” – “Rəvan” görüşü də xüsusi diqqət mərkəzindədi. Çünki hər iki komanda son dövrlər çox yaxşı formadadılar. Tərəflər arasında bu mövsümün birinci dövrəsində baş tutan görüşdə iki fərqli və maraqlı hissənin şahidi olmuşduq. İlk yarıda üç cavabsız qola sevinən “zolaqlılar” fasilədən sonra debütantdan iki top buraxmışdı – 3:2. Bu dəfəki paytaxt derbisinin necə nəticələnəyi isə maraqla gözlənilir.
“Qarabağ” – “Sumqayıt Şəhər” matçına da maraq böyükdü. Nə qədər qəribə olsa da, cari mövsümün debütantı olan Sumqayıt təmsilçisi bu güclü rəqibi üçün əsl başağrısına çevrilib. İlk dövrədəki ev oyununda qolsuz heç-heçəyə nail olmaqla hamını təəccübləndirən Bernard Raabın komandası ikinci dövrədəki görüşdə daha böyük sensasiyaya imza atdı. Belə ki, SŞ Quzanlıda keçirilən oyunda Ağdam klubu üzərində gözlənilməz qələbəyə nail oldu – 2:1. İndi “Qarabağ” yalnız növbəti mərhələyə adlamaq yox, həm də qisasını almağa çalışacaq.
Premyer Liqa klublarının iştirakıyla baş tutacaq digər 1/8 final mücadiləsi “İnter” və “Turan” arasında olacaq. Tovuz təmsilçisi heç də yaxşı günlərini yaşamır. “Bankirlər” isə əksinə, son dövrlər yaxşı forma toplayıblar. Paytaxt klubunun bu dueldən qalib ayrılacağını düşünmək olar. Ən azı görüşün Bakıda keçirilməsi “İnter”ə əlavə üstünlük verir. Amma unutmaq olmaz ki, “Turan” ötən mövsüm heç kimin gözləmədiyi şəkildə “Qarabağ”ı da mübarizədən kənarlaşdırmışdı. Bir sözlə, bu oyundan hər şey gözləməyə dəyər.
Qalan cütlərlə bağlı isə vəziyyət demək olar ki, aydındı. Çünki rəqiblər arasında böyük səviyyə fərqi olduğundan, indidən növbəti mərhələyə hansı komandaların adlayacağını müəyyənləşdirmək də çətin deyil. Məsələn, Premyer Liqanın şərikli lideri “Xəzər Lənkəran” birinci divizionda çıxış edən “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Düzdü, bu görüş stadionla əlaqədar olaraq Lənkəranda yox, paytaxtda keçiriləcək. Amma istənilən halda divizionçuların güclü rəqibinə hansısa çətinlik yaratması inandırıcı görünmür.
Bundan əlavə “Kəpəz” “Bakılı”nı, AZAL “Şahdağ”ı, “Qəbələ” isə “Neftçala”nı qəbul edəcək. Bir sözlə, elita təmsilçilərinin aşağıda divizion komandalarına sensasiya imkanı yaratması çətin görünür. Ən azı oyunların evdə keçirilməsi elita təmsilçilərinə üstünlük verir.
Azərbaycan kuboku
1/8 final
30 noyabr (çərşənbə)
Xəzər Lənkəran – Qaradağ Lökbatan
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 13:00.
Kəpəz – Bakılı
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu. Saat 13:00.
Qəbələ – Neftçala
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ. Şəhər stadionu. Saat 13:00.
Qarabağ – Sumqayıt Şəhər
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Səfər Haşımov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 13:00.
Bakı – Rəvan
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu (təbii örtüklü). Saat 13:30.
AZAL – Şahdağ
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. AZAL Arena. Saat 16:00.
Simurq – Neftçi
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.
İnter – Turan
Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Qurban Məmmədov.
Bakı. “Şəfa” stadionu. Saat 17:00.
