30 noyabr 2011 17:19
XL üçün rekorda doğru ilk addım yubileylə əlamətdar oldu
Bu gün - noyabrın 30-da Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirildi. Azerisport.az xəbər verir ki, mübarizəyə bu mərhələdən başlayan “Xəzər Lənkəran” özü üçün növbəti kubok mövsümünə start verdi. Yarışın son qalibi olan bu komanda artıq 8-ci dəfədi kubokda mübarizə aparır.
İndiyədək yalnız 1 dəfə 1/4 finalda mübarizəni dayandırıb, 2 dəfə 1/2 final, 1 dəfə isə finalda büdrəyən “Xəzər Lənkəran” 3 dəfə fəxri mükafatın sahibi olub. Bu göstəricidə yalnız “Neftçi” və “Kəpəz”dən geri qalan komanda 4-cü titula doğru hərəkətə başladı. Yeni mövsümü də qalib kimi bitirəcəyi halda “Xəzər Lənkəran” adıçəkilən 2 kluba məxsus rekorda şərik olacaq.
Rekorda doğru atılan ilk addım həm də yubileylə əlamətdar oldu. Belə ki, indiyədək 49 kubok matçı keçirən XL 50-ci - yubiley görüşünə çıxdı.
