1 dekabr 2011 21:57
Neftçinin məşqçisi: Hakimlərə heç bir nalayiq söz deməmişəm
"Neftçi"nin məşqçisi Bəxtiyar Musayev Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Simurq"la oyunu (1:0) barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, çalışdırıcı klubun rəsmi saytına açıqlamasında görüşün hakimliyinə narazılığını ifadə edib:
"Simurq"la kubok matçında hakim 1-i qırmızı olmaqla futbolçularımıza 7 vərəqə göstərdi. Oyuna baxanlar hakimliyin səviyyəsini gördü. Matçın protokolunda qeyd olunub ki, guya mən hakimin ünvanına təhqiramiz ifadə işlətmişəm. Oyunun fasiləsində "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev də yaxınlıqda idi. O da qarşılaşmadan sonra təsdiq etdi ki, mən hakimlərə heç bir nalayiq söz deməmişəm. Görüşün baş hakimi mənə böhtan ataraq, protokolda onu təhqir etdiyimi qeyd edib. "Neftçi" klubu və şəxsən mən bununla bağlı AFFA-nın müvafiq qurumlarına şikayət edəcəyik. Qırmızı vərəqə Denis Silvaya qarşı qəddarlıq edən rəqib futbolçuya göstərilməli idi".
