2 dekabr 2011 15:47
Neftçi Flavinyonu itirdi
"Neftçi" Premyer Liqanın 15-ci turunun "Simurq"la oyununa iki itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"la oyunda rəqibinin sifətinə zərbə endirdiyi üçün 4 oyunluq cəzalanan Rəşad Abdullayevə Flavinyo da qoşulub.
"Neftçi"nin əsas silahı hesab olunan futbolçu "Qarabağ"la oyunda növbəti sarı vərəqə almaqla limiti keçdiyi üçün bu oyunu buraxmalı olacaq. Belə ki, komandasının qələbə qoluna imza atan futbolçu matçın 69-cu dəqiqəsində qeyri-idman hərəkətə görə cəzalanmış və bununla da sarı vərəqə limitini doldurmuşdu.
Qeyd edək ki, Flavinyo "Simurq"la kubok oyununun 30-cu dəqiqəsində qırmızı vərəqə almışdı. Amma bu vərəqəyə görə veriləcək cəza yalnız kubok oyunlarına aiddi.
"Neftçi" kimi "Simurq" da meydana bir itki ilə çıxacaq. Belə ki, Zaqatala klubunun litvalı müdafiəçisi Vidas Alunderis "Xəzər Lənkəran"la oyunun 51-ci dəqiqəsində rəqibi əl ilə tutub saxladığına görə sarı vərəqə almışdı. Vərəqə limitini dolduran müdafiəçi "Neftçi" matçını kənardan izləməli olacaq.
