2 dekabr 2011 12:11
Qarabağ 5 ildi Turana uduzmur
“Qarabağ” bazar günü “Turan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bütün çempionatların iştirakçısı olan komandalar milli birincilikdə 41-ci oyununa Tovuzda çıxacaqlar. Bəs görəsən arxada qalan 40 görüşün rəqəmləri nəyi göstərir?
Ümumiyyətlə, “Qarabağ” – “Turan” rəqabətində ilk oyun Ağdamda baş tutub. 1992-ci ildə keçirilən ilk çempionatda 1:1 hesabı qeydə alınıb. Mayın 18-də Əmir Zamanovun idarə etdiyi oyunda Mahir Əliyev “Qarabağ”ı 5-ci dəqiqədə önə keçirsə də, sona 4 dəqiqə qalmış qonaqlar Rüfət Quliyevlə hesabı bərabərləşdirə biliblər. 13 iyulda isə Tovuzda cavab oyunu baş tutub və Gülağa Cabbarovun idarə etdiyi, 5000 azarkeşin izlədiyi oyunda ev sahibləri Vidadi Rzayev və Sakit Alıyevin qollarıyla 2:0 hesabıyla qələbə qazanıblar.
“Qarabağ”ın tarixində ilk çempionluğunu qazandığı 1993-cü ildə “Turan” üzərində ilk qələbə də gerçəkləşib. Çempionatın fərqli formatıyla əlaqədar komandalar təsnifat mərhələsində üz-üzə gəlməyiblər. Sumqayıtda, M.Hüseynzadə adına stadionda baş tutan yeganə yarımfinal oyununda “Qarabağ” 102-ci dəqiqədə hazırda məhz bu komandada məşqçi kimi çalışan Yaşar Hüseynovun vurduğu qolla qalib gələrək finala yüksəlib.
Ağdam işğal olunan ildə “Qarabağ”la “Turan” çempionatla yanaşı kubokun da 1/2 mərhələsində qarşılaşıblar. 12 mayda doğma rayonda baş tutan və 8000 azarkeşin izlədiyi oyunda bu dəfə də Yaşar Hüseynovun vurduğu tək qol ağdamlılara qələbə gətirib. Cavab görüşündə də Mahir Əliyev və Mehman Alışanovun vurduğu qolla 2:1 hesabıyla qalib gələn Ağdam təmsilçisi finala yüksəlib, sonda “İnşaatçı”nı (Sabirabad) Müşfiq Hseynovun qoluyla məğlub edərək “qızıl dubl”u reallaşdırıb...
Sabah “Qarabağ” 3 xalı qazansa, rəqib üzərində 41-cı oyunda 19-cu dəfə qələbəyə sevinəcək. “Turan” isə indiyə kimi 14 oyunda qələbə qazanıb. Amma tovuzluların 3 qələbəsi texniki nəticəylə qazanılıb. 1995/96, 98/99 və 2000/01 mövsümlərində qeydə alınan texniki qələbələr “Qarabağ”ın ağır durumlarında qeydə alınıb.
Maraqlıdı ki, “Turan”ın 3 böyük hesablı qalibiyyətinin 2-i məhz həmin mövsümlərdə qeydə alınıb, 95/96-da 0:3, 00/01-də 2:5. 2004/05 mövsümün son turunda tovuzlular “Qarabağ” üzərində ən böyük qələbələrini qeyd ediblər - 4:0.
Əvəzində “Qarabağ” 4 dəfə eyni uğura imza atıb. 97/98-də 5:1, 01/02-də 5:2, 03/04-də isə 4:0-lıq qələbələr qazanılıb. Tərəflər arasında ötən mövsüm fevralın 25-də Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada isə “Qarabağ” tarixində 4-cü dəfə “Turan”ı böyükhesablı məğlubiyyətə uğradıb - 5:1.
Ümumiyyətlə, “Qarabağ”ımız son illərdə “Turan”a qarşı olduqca uğurlu çıxış edir. “Qarabağ” çempionatda bu rəqibinə sonuncu dəfə 2006-2007 mövsümündə məğlub olub. 2006-cı ilin dekabrın 13-də Tovuzda baş tutan qarşılaşmada Böyükağa Ağayevin başçılıq etdiyi komanda 3:1 hesabıyla məğlub olub. Başqa sözlə 5 ildi ki, “Qarabağ” “Turan”a məğlub olmur. “Qarabağ” keçirdiyi 40 görüşdə 54 dəfə rəqibinə qol vurub, 40 dəfə qapısından topu çıxarıb.
“Qarabağ”la “Turan” 5 kubok mövsümündə qarşılaşıblar. Baş tutan 9 qarşılaşmada 7 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub. Qarşıdurma tarixində baş tutan yeganə heç-heçə isə ötən mövsüm qeydə alınıb - 0:0. Penaltilərlə növbəti mərhələyə çıxan “Turan” ilk dəfə bunu bacarıb. 14 dəfə rəqibini meydanın mərkəzinə dəvət edən “Qarabağ” “Turan”a 5 dəfə eyni sevinci yaşadıb.
Cari mövsümün ilk yarısında baş tutan matça gəllincə, sentyabrın 30-da baş tutan 8-ci turun qarşılaşmasında Vüqar Nadirov hesabı açsa da, Namiq Əliyev hesabı bərabərləşdirib. Amma Ansi Aqolli və Rəşad Sadıqovun vurduğu qollar “Qarabağ”a qələbə gətirib - 3:1.
