3 dekabr 2011 00:11
Böyük kapitan üçün vida oyunu keçiriləcək
Uzun illər "Dinamo", ardından isə onun sələfi "Bakı"nın idman şərəfini qoruyan Rafael Əmirbəyov futbolçu karyerasını rəsmən başa vurur. Azerisport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Bakı"nın heyətində ən çox oyun keçirən oyunçu, komandanı meydana kapitan sarğısı ilə çıxaran rekordçudu.
Rafael "Bakı"nın 2 çempionluq və 2 ölkə kuboku titullarının qazanılmasında müstəsna xidmətləri olan futbolçu kimi klub tarixinə düşüb.
Böyük kapitanın vida oyunu dekabr ayının 7-də klubun təlim-məşq düşərgəsinin stadionunda keçiriləcək. Saat 17-də başlanacaq və şou elementləri ilə zəngin tədbirdə yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır. Bu oyunda Rafael Əmirbəyovla birgə "Bakı" və Azərbaycan milli komandasının heyətində top qocan futbolçular meydana çıxacaqlar.
