4 dekabr 2011 11:57
Ən az məğlub olan komandaların dueli
Bu gün Premyer Liqanın 15-ci turu çərçivəsində “Xəzər Lənkəran” növbəti ev oyununda Bakının “İnter” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, baş tutacaq oyun “Xəzər Lənkəran”ın cari mövsümdə səkkizinci ev oyunu olacaq.
Buna qədər keçrilmiş yeddi qarşılaşmasının altısında qalib olan komanda, iki həftə öncə “Rəvan”la görüşün əlavə dəqiqələrində buraxdığı qolun sayəsində bu çempionatda ilk dəfə evdə xal itirdi. Mirça Rednikin yetirmələri yeddi ev oyunu ərzində 11 dəfə rəqib qapılarına yol tapıblar, öz qapılarından isə 4 top buraxıblar.
“İnter” isə bazar günü mövsümdə yeddinci səfər qarşılaşmasını keçirəcək. Paytaxt komandası rəqib meydanlarında oynadığı altı oyundan dördündə qələbə qazanıb, bir dəfə heç-heçə edib, bir dəfə də məğlub olub. Komandanın səfərdə qol nisbəti müsbətdi – 7 qol vurulub, 3 qol buraxılıb.
“Xəzər Lənkəran” son altı çempionat oyununda üç dəfə heç-heçə edib, bir dəfə məğlub olub və yalnız iki qələbə qazanıb ki, onlardan sonuncusu 28 oktyabr tarixinə təsadüf edir. “İnter” isə son altı oyunun üçünü qələbə ilə, üçünü isə heç-heçə ilə bitirib.
“İnter” 14 tur ərzində qapısında səkkiz qol görməklə çempionatın ən az qol buraxan komandasıdı. Həmçinin bu komandanın aktivində 12 vurulan qol var, bu da ilk 10 pillədə qərarlaşmış komandalar arasında ən aşağı göstəricidi.
“Xəzər Lənkəran” və “İnter” hal-hazırda çempionatda ən az məğlub olmuş komandalardı – hər komanda bu mövsüm iki dəfə meydandan xalsız ayrılıb.
Bu tur “Xəzər Lənkəran” çempionatlar tarixində 10-cu dəfə “İnter”i öz meydanında qəbul edəcək. Lənkəranda keçirilmiş doqquz çempionat oyununun altısında komandalar heç-heçə ediblər. Ən məşhur hesab isə 0:0 hesabıdır – üç dəfə XL bu rəqiblə evdə qolsuz heç-heçə edib. Bir dəfə öz meydanında “İnter”ə məğlub olan “Xəzər Lənkəran” digər iki oyunu qələbə ilə bitirib.
Bu komandalar arasında Lənkəranda son oyun ötən çempionatın 27-ci turu çərçivəsində baş tutmuşdu və qarşılaşmada qalib müəyyən olunmamışdı. Həmin oyunda Parksın vurduğu qola on dəqiqə sonra Odikadze cavab vermişdi və oyun 1:1 hesabı ilə yekunlaşmışdı.
Deyan Rusiç hələ ki, zədəlilər siyahısında qalmaqdadır. Bu həftə kubok oyununda zədələnərək əvəzlənən Subaşiçin növbəti oyuna hazır olub-olmaması da sual altındadır. Julius Vobayı isə artıq “İnter”lə oyunda görmək ehtimalı var.
Ötən tur “Simurq”la oyunda ikinci sarı vərəqə alaraq meydanı tərk edən Katalin Doman bir oyunluq cəzalandırılaraq qarşıdakı matçı buraxmalı olacaq. Sarı kart limitini aşdığına görə ötən turun matçında iştirak etməyən Pitin xidmətlərindən isə baş məşqçi “İnter”lə oyunda yararlana biləcək.
