5 dekabr 2011 01:41
Mirça Rednik bu gün Mais Mənsimovla görüşəcək
"Xəzər Lənkəran"ın baş məşqçisi postundan istefa verən Mirça Rednik gecəni Lənkəranda keçirib. Azerisport.az xəbər verir ki, rumın çalışdırıcı bu gün saat 10:00-da cənub şəhərini tərk edəcək.
Səhər stadion və bazanın əməkdaşları ilə vidalaşacaq Rednik azarkeşlər tərəfindən yola salınacaq. Fanatlar saat 9:30-da Lənkəran şəhər stadionunun qarşısına toplaşaraq, rumın baş məşqçi ilə vidalaşacaqlar.
Bakıda isə Rednik klub prezidenti Mais Mənsimovla görüşməlidi. Məhz bu görüşdə tərəflər rəsmi şəkildə yollarını ayıracaq, bütün detallara aydınlıq gətirəcəklər. Bundan sonra Rednikin öz komandasıyla birgə Rumıniyaya yola düşməsi gözlənilir.
Klub rəhbərliyinin yeni baş məşqçi axtarışına da bu gündən çıxacağı bildirilir. Namizədlər arasında yerli mütəxəssislərin də olduğu bildirilir.
